Bu gün Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təməlinin qoyulmasından 24 il ötür. Kəmərin təməli 2002-ci il sentyabrın 18-də Bakının Səngəçal terminalında qoyulub.
Monetar.az xatırladır ki, təməlqoyma mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Prezidenti Əhməd Necdət Sezər, həmçinin bir sıra xarici ölkələrin nümayəndələri iştirak ediblər.
BTC layihəsi Azərbaycanın neftinin dünya bazarlarına çıxarılması üçün yaradılan əsas ixrac marşrutlarından biri olub. Layihənin hüquqi bazası 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT sammitində imzalanmış bəyannamə ilə formalaşdırılıb.
Kəmərin tikintisinə 2003-cü ilin fevralında Səngəçal terminalından başlanılıb. Tikinti işləri 2005-ci ilin aprelində başa çatdırılıb və həmin il mayın 25-də Azərbaycan neftinin BTC-yə vurulması ilə bağlı rəsmi mərasim keçirilib.
2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb. Həmin il iyunun 14-də isə BTC ilə nəql olunan ilk neft partiyası tankerə yüklənərək dünya bazarına göndərilib. Kəmərin rəsmi açılış mərasimi 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçirilib.
Bakı-Tbilisi-Ceyhan kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri isə Türkiyə ərazisindən keçir.
Kəmər Azərbaycanın 13 rayonundan keçərək Səngəçal terminalını Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan terminalı ilə birləşdirir. BTC vasitəsilə Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan nefti də nəql olunur.
Layihənin həyata keçirilməsi Azərbaycanın neft ixracı üçün yeni marşrut yaradıb və Xəzər regionunun enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynayıb.
Hazırda BTC vasitəsilə ildə təxminən 60 milyon ton neft nəql etmək mümkündür. Kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən mühüm enerji infrastrukturlarından biri olaraq fəaliyyətini davam etdirir.