ABŞ-ın OPEC ölkələrindən xam neft idxalı 2008-2025-ci illərdə 84 faiz azalıb. Eyni dövrdə Kanada ABŞ-ın əsas xarici neft tədarükçüsünə çevrilib.
Monetar.az xəbər verir ki, “Visual Capitalist” ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatları əsasında hazırladığı təhlildə ölkənin xam neft təchizatındakı dəyişiklikləri təqdim edib.
Məlumata görə, ABŞ-ın OPEC ölkələrindən neft idxalı 2008-ci ildə gündəlik 5,42 milyon barrel olduğu halda, 2025-ci ildə 860 min barrelə qədər azalıb.
Bunun əksinə, Kanadadan ABŞ-a neft idxalı 1975-ci ildə gündəlik 600 min barrel olduğu halda, 2025-ci ildə 3,91 milyon barrelə yüksəlib. Beləliklə, Kanada ABŞ-a OPEC ölkələrindən gətirilən neftin həcmindən 4,5 dəfədən çox neft tədarük edib.
ABŞ-ın daxili və idxal hesabına formalaşan xam neft təchizatı da son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu göstərici 2007-ci ildə gündəlik 4,98 milyon barrel ilə minimuma düşdükdən sonra şist nefti hasilatının artması fonunda yüksələrək 2025-ci ildə 9,67 milyon barrelə çatıb.
OPEC-in ABŞ-ın göstərilən idxal mənbələri üzrə payı da kəskin azalıb. 2008-ci ildə 55 faiz olan bu göstərici 2025-ci ildə 14 faizə düşüb.
Eyni zamanda, Kanadanın ABŞ-ın ümumi xam neft təchizatındakı payı 2025-ci ildə 24,7 faizə çatıb. ABŞ-da hasil olunan və Kanadadan idxal edilən neft birlikdə 2025-ci ildə ölkənin ümumi xam neft təchizatının 85,8 faizini təşkil edib.
Məlumata görə, ABŞ-ın neft təchizatında dəyişiklik yalnız daxili hasilatın artması ilə bağlı deyil. Ölkədəki bəzi neft emalı zavodları daha ağır neft növlərinə uyğunlaşdırıldığı üçün Kanada nefti də bu tələbatın qarşılanmasında mühüm rol oynayır.
Beləliklə, son iki onillikdə ABŞ-ın neft təchizatının coğrafiyası əhəmiyyətli dərəcədə dəyişib: OPEC-in payı azalarkən daxili hasilat və xüsusilə Kanada nefti daha böyük rol almağa başlayıb.