Hər il sentyabrın 19-da elektron ünsiyyətin ən tanınmış simvollarından biri olan smaylikin yaranma günü qeyd edilir. Bu kiçik işarənin tarixi 1982-ci ilə, ABŞ-nin Pitsburq şəhərində yerləşən Karneqi-Mellon Universitetinə gedib çıxır.
Həmin il universitetin professoru Skott Falman elektron məktub vasitəsilə “:-)” simvolundan istifadə etməyi təklif edib. Onun məqsədi yazışmalarda zarafat və yumorla ciddi məzmunu bir-birindən ayırmaq, emosiyanı isə mətnə əlavə bir işarə ilə çatdırmaq olub.
Falmanın elektron məktubunda “:-)” simvolunun xoşbəxtliyi ifadə etməsi təklif olunub. Beləliklə, iki nöqtə, defis və mötərizədən ibarət bu sadə kombinasiyanın elektron ünsiyyət tarixində yeni mərhələnin başlanğıcı olduğu bildirilir.
Professor eyni zamanda “:-(” simvolundan istifadə etməyi də təklif edib. İlk dövrlərdə bu işarə mesajlarda xüsusi məna daşıyan hissələri fərqləndirmək üçün nəzərdə tutulsa da, sonradan daha çox kədər və ya mənfi əhval-ruhiyyəni ifadə edən simvol kimi tanınıb.
1990-cı illərin ortalarına qədər internet və mobil telefon istifadəçilərinin emosiyaları yalnız “şən” və “kədərli” smayliklərlə məhdudlaşmamağa başlayıb. Nəticədə müxtəlif emosiyaları ifadə edən çoxsaylı yeni simvollar meydana çıxıb. Sadə və müxtəlif dillərdə danışan insanlar üçün asan başa düşülən bu işarələr daha sonra elektron poçtdan mobil telefonlardakı SMS xidmətlərinə qədər geniş yayılıb.
Bu gün smayliklər elektron yazışmaların ayrılmaz hissəsinə çevrilib. Onlardan gündəlik mesajlaşmalarda, sosial şəbəkələrdə və müxtəlif rəqəmsal platformalarda emosiyaları qısa və vizual formada ifadə etmək üçün istifadə olunur.
Smaylikin yaranma tarixinin dəqiq müəyyənləşdirilməsi isə 2002-ci ildə mümkün olub. Beləliklə, elektron ünsiyyətdə geniş istifadə olunan bu sadə simvolun tarixi artıq dörd onillikdən çoxdur.
MONETAR.AZ