Formula 1 ilə bağlı avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir

Formula 1  ilə bağlı avtobus marşrutlarının

Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar sentyabrın 19-dan 26-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bununla əlaqədar müntəzəm və ekspres avtobus marşrutlarının hərəkət sxemlərində də dəyişiklik ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyətlərə uyğun olaraq avtobusların hərəkəti alternativ küçələr üzrə təşkil ediləcək.

Sentyabrın 19-u saat 21:00-dan sentyabrın 21-i saat 00:00-dək 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti ilə hərəkət etdikdən sonra mövcud sxemləri üzrə fəaliyyət göstərəcək. 125 nömrəli marşrut Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək. M9 ekspres marşrutunun “Həzi Aslanov” metrostansiyası istiqamətində hərəkəti isə Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti və daha sonra mövcud sxem üzrə təmin olunacaq.

Sentyabrın 21-dən 26-dək isə daha geniş sayda marşrutun hərəkət sxemi dəyişdiriləcək. Belə ki, 1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli avtobuslar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək.

20, 88A və 120E nömrəli marşrutların şəhər mərkəzi istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri ilə təşkil olunacaq. M9 ekspres marşrutunun “Elmlər Akademiyası” metrostansiyası istiqamətində hərəkəti Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə təmin ediləcək. Əks istiqamətdə isə avtobuslar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti ilə hərəkət edərək mövcud sxemə qoşulacaq.

5 nömrəli marşrut iki istiqamət üzrə fəaliyyət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” metrostansiyası – Süleyman Rəhimov küçəsi, ikinci istiqamət isə Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyoru (Bəhram Gur heykəli) üzrə təşkil olunacaq.

6 nömrəli marşrutun bir istiqaməti “Azadlıq prospekti” metrostansiyası – Axundov bağı, digər istiqaməti isə 20-ci Sahə – Bəhram Gur heykəli üzrə fəaliyyət göstərəcək.

61 nömrəli marşrutun Mərkəzi Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə, 65 nömrəli marşrutun “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti isə Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan prospekti ilə təşkil ediləcək.

88 nömrəli marşrutun “28 May” metrostansiyası istiqamətində hərəkəti Azadlıq prospekti və Füzuli küçəsi ilə təmin olunacaq. 10, 18, 31, 37, 53, 77 və 205 nömrəli marşrutlar isə “İçərişəhər” metrostansiyası istiqamətində Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri ilə hərəkət edəcək.

125 nömrəli marşrutun “28 May” metrostansiyası istiqamətində hərəkəti Lökbatan dairəsi, İpək yolu (Dairəvi yol), Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsi, Abdulla Şaiq, Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli küçələri, Azadlıq prospekti, Dilarə Əliyeva küçəsi və Puşkin küçəsi üzrə təşkil olunacaq.

149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsi ilə “Binə” ticarət mərkəzi (“Lökbatan” NMM) arasında, 195E nömrəli marşrut isə Ələt qəsəbəsi ilə “Binə” ticarət mərkəzi (“Lökbatan” NMM) arasında fəaliyyət göstərəcək.

Bundan başqa, 72 və E1 nömrəli marşrutların fəaliyyəti Formula 1 yarışı ilə əlaqədar müvəqqəti olaraq dayandırılacaq.

Sərnişinlərə yarış günlərində marşrutlardakı dəyişiklikləri nəzərə almaları və səfərlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunur.