Azərbaycanda cərrahiyyə əməliyyatları 5 ildə 2 dəfə artıb

Azərbaycanda cərrahiyyə əməliyyatları

Azərbaycanda 2020–2025-ci illər ərzində xəstəxanalarda həyata keçirilən cərrahiyyə əməliyyatlarının sayı təxminən 2 dəfə artıb.

Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə xəstəxanalarda 248,8 min cərrahiyyə əməliyyatı aparıldığı halda, 2025-ci ildə bu rəqəm 502,5 minə yüksəlib. Beləliklə, 5 il ərzində əməliyyatların sayı 253,7 min, yaxud 102% artıb.

Əhali sayına nisbətdə də artım diqqət çəkir. 2020-ci ildə hər 1000 nəfərə 24,9 xəstəxana əməliyyatı düşdüyü halda, 2025-ci ildə bu göstərici 49,1 olub. Başqa sözlə, əhali üzrə hesablanan göstərici də təxminən 2 dəfə yüksəlib.

Ambulator-poliklinika müəssisələrində isə artım daha zəif olub. 2020-ci ildə burada 79,7 min əməliyyat həyata keçirildiyi halda, 2025-ci ildə göstərici 133,8 minə çatıb. Bu, beş il ərzində təxminən 68% artım deməkdir.

Ümumilikdə, 2020-ci ildən 2025-ci ilə qədər həm xəstəxanalarda, həm də ambulator-poliklinika müəssisələrində cərrahi müdaxilələrin sayı əhəmiyyətli dərəcədə artıb.