Qohum evi və kirayə mənzil hotelləri geridə qoyur

Qohum evi və kirayə mənzil

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda daxili turizm səfərlərinin sayı 3,6 faiz artaraq 11,2 milyona çatsa da, mehmanxanalarda gecələmələrin sayı 8,5 faiz azalıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkə daxilində keçirilmiş gecələmələrin ümumi sayı 44 milyon təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxdur.

Lakin gecələmələrin artımı mehmanxanalara eyni formada yansımayıb. Mehmanxanalarda gecələmələrin sayı 928,2 mindən 849,6 minə düşüb.

Əvəzində qohumların və ya dostların evlərində gecələmələr 12,9 faiz artaraq 18 milyon 411,6 minə yüksəlib. Kirayə götürülmüş evlərdə gecələmələrin sayı da 5,9 faiz artaraq 7 milyon 876,4 min olub.

Özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə gecələmələrin sayı isə 2,9 faiz azalaraq 16 milyon 834,1 min təşkil edib.

Səfərlərin müddəti üzrə də maraqlı dəyişiklik müşahidə olunub. 1-3 gecəlik səfərlər 5,9 faiz, 4-7 gecəlik səfərlər 5,5 faiz artıb. Bununla yanaşı, 29-70 gecə davam edən səfərlər 14 faiz, 8-14 gecəlik səfərlər isə 7,1 faiz azalıb.