2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin ölkə daxilində mağazalara baş çəkmək məqsədilə etdiyi səfərlərin sayı 25,6 faiz artaraq 404,7 minə çatıb. Bu, daxili turizm səfərləri arasında qeydə alınan ən yüksək artımlardan biri olub.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkə daxilində həyata keçirilən turizm səfərlərinin ümumi sayı 11 milyon 181,1 min təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Daxili səfərlərin məqsədləri üzrə ən yüksək artım mağazalara baş çəkməkdən sonra dini ziyarətlərdə qeydə alınıb. Bu məqsədlə səfərlərin sayı 22,3 faiz artaraq 126,1 minə yüksəlib.
Müalicə məqsədli səfərlər 9 faiz artaraq 844,8 minə, qohum və dostlara baş çəkmək məqsədli səfərlər isə 6,3 faiz artaraq 4 milyon 149,1 minə çatıb.
İstirahət və əyləncə məqsədli səfərlərin sayı isə cəmi 0,1 faiz artaraq 4 milyon 453,3 min olub. İşgüzar səfərlərin sayı 4,5 faiz azalaraq 958,5 minə düşüb.
Beləliklə, daxili turizmdə səfərlərin ümumi artımına baxmayaraq, artım bütün məqsədlər üzrə eyni olmayıb. Xüsusilə alış-veriş, dini ziyarət və müalicə məqsədli səfərlərdə daha yüksək artım qeydə alınıb.