Tim Kuk Avstraliyanın sosial şəbəkə məhdudiyyətlərini “dünya lideri” adlandırıb

Tim Kuk Avstraliyanın sosial şəbəkə məhdudiyyətlərini

“Apple” şirkətinin icraçı sədri Tim Kuk Avstraliyanın sosial şəbəkələrin tənzimlənməsi sahəsində həyata keçirdiyi tədbirləri “dünya lideri” adlandırıb.

“Reuters”in məlumatına görə, Tim Kuk bu fikirləri ABŞ-ın Kaliforniya ştatında yerləşən “Apple Park”da Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşü zamanı səsləndirib. Görüş Avstraliya hökumətinin uşaqların internetdə qorunması və sosial şəbəkələrdə istifadəçilərin qarşılaşdığı məzmuna nəzarət imkanlarının genişləndirilməsi istiqamətində yeni addımlar atdığı bir vaxta təsadüf edib.

Avstraliya bu sahədə tənzimləmələri sərtləşdirən ölkələrdən biridir. Hökumət bu ay sosial şəbəkə istifadəçilərinə lentlərində hansı məzmunun göstəriləcəyini daha sərbəst müəyyənləşdirmək imkanı verəcək yeni mexanizm üzərində işlədiyini açıqlayıb. Bu addım internetdə təhlükəsizliyin artırılması siyasətinin davamı kimi təqdim olunur.

Avstraliya daha əvvəl də sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq etməsi ilə diqqət çəkib. Ötən ilin dekabrında ölkə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran ilk dövlət olub. Bundan sonra bir sıra ölkələr və beynəlxalq qurumlar oxşar yanaşmaları müzakirə etməyə başlayıb. Avropa Komissiyası da bu il 13 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə girişin məhdudlaşdırılmasını təklif edib.

Albanese görüşdən sonra bildirib ki, Kuk Avstraliyanın sosial şəbəkələrin tənzimlənməsi istiqamətində gördüyü işləri digər ölkələri qabaqlayan yanaşma kimi qiymətləndirir. “Apple” isə bu açıqlamalarla bağlı sualları Kukun “X” platformasındakı paylaşımına yönləndirib.

Tim Kuk paylaşımında Albaneseyə “Apple”ın ən yeni texnologiyalarından bəzilərini, o cümlədən uşaqların internetdə qorunmasına yönəlmiş alətləri nümayiş etdirməkdən məmnun olduğunu bildirib.

“Apple” özü iri sosial şəbəkə operatoru olmasa da, şirkətin “iPhone” cihazları və “App Store” platforması “Meta Platforms”, “Alphabet”, “Snap” və “ByteDance” şirkətinə məxsus “TikTok” kimi sosial media xidmətlərinə çıxış üçün əsas vasitələrdən biridir.

Sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müzakirələr süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda daha da genişlənir. Siyasətçilər mövcud qanunvericiliyin yeni texnologiyalara necə tətbiq edilə biləcəyini müzakirə edir, texnologiya şirkətləri isə süni intellekt sistemlərinin inkişaf sürəti və onların təhlükəsizliyi ilə bağlı müxtəlif yanaşmalar ortaya qoyurlar.

Qeyd edək ki, Tim Kuk bu yaxınlarda 15 il ərzində tutduğu “Apple” CEO-su vəzifəsindən ayrılaraq şirkətin icraçı sədri postuna keçib.

MONETAR.AZ