“TotalEnergies” Venesuelada fəaliyyətini bərpa etməyə hazırlaşır

“TotalEnergies” Venesuelada fəaliyyətini

Fransanın enerji şirkəti “TotalEnergies” Venesuelada enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalayıb. Razılaşma şirkətin bir neçə il əvvəl ölkədəki neft-qaz aktivlərindən çıxmasından sonra Venesueladakı fəaliyyətini bərpa etməsinə imkan yarada bilər.

“Bloomberg”in məlumatına görə, “Petroleos de Venezuela” (PDVSA) şirkətinin prezidenti Hektor Obreqon və “TotalEnergies”in Amerika üzrə baş vitse-prezidenti Fransisko Xavyer Rielo şənbə günü Karakasda qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Venesuela hökumətinin açıqlamasına əsasən, “TotalEnergies E&P New Ventures” şirkəti saziş çərçivəsində ölkədə enerji layihələrində iştirak edəcək. Bununla belə, konkret layihələrin hansı istiqamətləri əhatə edəcəyi və investisiyaların həcmi açıqlanmayıb.

Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodriges bildirib ki, ölkənin karbohidrogenlər haqqında qanunvericiliyinə bu ilin əvvəlində edilmiş dəyişikliklər xarici investisiyaların cəlb olunması üçün yeni hüquqi imkanlar yaradıb. Onun sözlərinə görə, bu dəyişikliklər əvvəlki prezident Nikolas Maduronun ABŞ tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkənin enerji sektoruna yeni sərmayələrin cəlb edilməsinə şərait yaradıb.

“TotalEnergies” ilə imzalanan saziş beynəlxalq enerji şirkətlərinin Venesuelaya qayıtması və ölkənin böyük neft ehtiyatlarından hasilatın artırılması istiqamətində atılan son addımlardan biri kimi qiymətləndirilir.

Bu ayın əvvəlində Venesuela və ABŞ neft hasilatının artırılmasına yönəlmiş bir sıra tərəfdaşlıqlar barədə açıqlama verib. Bu layihələrdə “Chevron”, “Eni” və “GE Vernova” şirkətlərinin iştirakı nəzərdə tutulur. ABŞ Energetika naziri Kris Rayt sözügedən razılaşmaların ümumilikdə “on milyardlarla” dollar həcmində potensial investisiya nəzərdə tutduğunu bildirib.

Bundan başqa, ABŞ hökuməti Venesuela biznesmeni Aleksandro Betankura məxsus “North American Blue Energy Partners” şirkətində 35 faizlik pay əldə etmək barədə də razılığa gəlib.

“TotalEnergies” uzun illər ərzində Venesuelanın enerji sektorunda fəaliyyət göstərib. Şirkət 2021-ci ildə Norveçin “Equinor” şirkəti ilə birlikdə “Petrocedeno” neft layihəsindəki iştirakını dayandırıb. Həmin dövrdə “TotalEnergies”in baş icraçı direktoru Patrik Puyanne qərarın Venesueladakı siyasi vəziyyətlə deyil, şirkətin karbon emissiyalarını azaltmaq strategiyası ilə bağlı olduğunu bildirmişdi.

Daha sonra şirkət “YPergas”dakı nəzarət paketindən imtina edərək Venesuelanın təbii qaz sektorundakı fəaliyyətini də dayandırıb.

Yeni saziş “TotalEnergies” üçün Venesuelanın enerji sektoruna yenidən qayıtmaq imkanı yaradır. Ölkə isə enerji hasilatını artırmaq və sektorun inkişafı üçün xarici kapital və beynəlxalq şirkətləri cəlb etməyə çalışır.

MONETAR.AZ