Bu gün Azərbaycanda Neftçilər Günüdür

Bu gün Azərbaycanda Neftçilər

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd olunur. 20 sentyabr 1994-cü ildə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsünə dair “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür.

Neftçilər Günü “Əsrin müqaviləsi”nin imzalandığı günə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.

1994-cü il sentyabrın 20-də imzalanan müqavilə müstəqil Azərbaycanın iqtisadi tarixində mühüm hadisələrdən biri hesab olunur. Müqavilə SOCAR ilə dünyanın altı ölkəsini təmsil edən 10 aparıcı xarici neft şirkəti arasında imzalanıb və sonradan “Əsrin müqaviləsi” adı ilə tanınıb.

Razılaşma Azərbaycanın neft sektoruna xarici investisiyaların cəlb olunmasına, Xəzər dənizində beynəlxalq enerji əməkdaşlığının genişlənməsinə və yeni neft-qaz layihələrinin həyata keçirilməsinə şərait yaradıb. Müqavilə çərçivəsində hasilata 1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında başlanılıb. 2005-ci ilin fevralında isə “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsindən ilkin neft hasil edilib.

Azərbaycanın neft strategiyasının əsas istiqamətlərindən biri hasil olunan karbohidrogenlərin dünya bazarlarına nəqlinin təmin edilməsi olub. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin yaradılması mühüm layihələrdən birinə çevrilib.

1998-ci ildə Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası ilə bağlı ilk sazişi imzalayıblar. 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT sammiti çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan prezidentlərinin iştirakı ilə layihənin dəstəklənməsinə dair İstanbul Bəyannaməsi imzalanıb. ABŞ Prezidenti Bill Klinton da mərasimdə iştirak edib.

2002-ci il avqustun 18-də Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, həmin ilin oktyabrın 13-də isə Gürcüstan hissəsinə ilkin neft doldurulub.

Azərbaycan neft sənayesinin inkişafında mühüm mərhələlərdən biri də 2017-ci ildə ölkədə 2 milyardıncı ton neftin hasil edilməsi olub. Azərbaycan neftinin ilk milyardıncı tonu 1971-ci il martın 28-də hasil edilmişdi. Beləliklə, ilk milyard ton neftin hasil olunmasına təxminən bir əsr lazım gəldiyi halda, ikinci milyard ton cəmi 46 il ərzində əldə edilib.

Azərbaycanın neft sənayesinin inkişafında neftçilərin əməyinin də xüsusi rolu var. Müxtəlif dövrlərdə neftçilər peşəkarlıqları və fədakar fəaliyyətləri ilə ölkənin iqtisadi inkişafına töhfə veriblər. Neftçi əməyinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi sentyabrın 20-si onların peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur.

Bu tarix həm “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji strategiyasının yeni mərhələsinin başlanmasını, həm də ölkənin neft sənayesində çalışan insanların əməyini simvolizə edir.