Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sentyabrın 21-də ölkənin bəzi bölgələrində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
BDYPİ-dən bildirilib ki, sabah bəzi dağlıq və dağətəyi rayonlarda yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.
İdarə sürücülərə hava şəraitini nəzərə alaraq yollarda xüsusilə diqqətli olmağı tövsiyə edib. Bildirilib ki, yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkətin təhlükəsizliyinə təsir göstərə bilər.
Sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, nəqliyyat vasitələri arasında ara məsafəsini artırmaq, kəskin manevrlərdən və ani tormozlamadan çəkinmək xahiş olunur. Həmçinin xarici işıq cihazlarından düzgün istifadə edilməsi, səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin, xüsusilə şinlərin və şüşəsilənlərin sazlığının yoxlanılması tövsiyə edilir.
BDYPİ qeyd edib ki, dəyişkən hava şəraitində yol təhlükəsizliyinin əsas şərtlərindən biri sürücülərin mövcud şəraitə uyğun davranması və ehtiyatlı hərəkət etməsidir.