ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt sahəsinin inkişafına nəzarət etmək məqsədilə “Süni İntellekt Qüvvələri” (“AI Force”) yaradacağını və süni intellekt üzrə xüsusi “çar” təyin edəcəyini açıqlayıb.
Tramp bu barədə dünən “Truth Social” hesabında paylaşım edib. O, süni intellektə və bu texnologiyanın işlənməsi üçün yaradılan məlumat mərkəzlərinə qarşı tənqidləri rədd edərək, texnologiya sektorunun inkişafının qarşısını almağa yönəlmiş çağırışları siyasi xarakterli “fırıldaq” kimi qiymətləndirib. Prezident bildirib ki, administrasiya süni intellekt sənayesinin inkişafına mane olmayacaq, eyni zamanda qanunsuz və zərərli fəaliyyətlərlə mübarizə üçün mövcud cinayət və mülki hüquq mexanizmlərindən istifadə edəcək.
Tramp yeni “AI Force” təşəbbüsünü ilk prezidentlik dövründə yaradılan ABŞ Kosmik Qüvvələri ilə müqayisə edib. Bununla belə, yeni strukturun konkret səlahiyyətləri, maliyyələşmə mexanizmi və federal hökumət daxilində hansı formada fəaliyyət göstərəcəyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb. Ağ Ev də qurumun hərbi, yoxsa mülki struktur olacağı ilə bağlı əlavə açıqlama verməyib.
Tramp yaxın vaxtlarda süni intellekt üzrə “çar”ın təyin ediləcəyini bildirib. O, bu vəzifəyə yüksək intellekt göstəricilərinə malik şəxslərin müraciət edə biləcəyini qeyd edib. Daha əvvəl bu sahədə məsləhətçi vəzifəsini vençur kapitalisti Devid Saks tutub. Saks bu ilin əvvəlində formal olaraq vəzifədən ayrılaraq Prezidentin Elm və Texnologiya üzrə Məsləhətçilər Şurasında fəaliyyətini davam etdirib.
Tramp süni intellekti ABŞ iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyan texnologiya kimi təqdim edib. Onun sözlərinə görə, süni intellekt növbəti sənaye inqilabına və ya internetə bənzər miqyasda dəyişiklik yarada, gələcəkdə ABŞ ümumi daxili məhsulunun 25 faizədək hissəsini formalaşdıra bilər. O, həmçinin ABŞ-nin Çin və digər ölkələr qarşısında süni intellekt sahəsində liderliyini qoruyub saxlamaq niyyətində olduğunu bildirib.
Trampın açıqlaması süni intellektin sürətli inkişafı ilə bağlı ABŞ-də təhlükəsizlik və tənzimləmə müzakirələrinin intensivləşdiyi bir vaxta təsadüf edir. Son dövrdə texnologiya şirkətlərinin rəhbərləri və bəzi ekspertlər daha ciddi təhlükəsizlik tədbirlərinə çağırışlar etsələr də, Tramp süni intellektin inkişafının məhdudlaşdırılmasına qarşı çıxır və əlavə tənzimləmələrin sektorun böyüməsini ləngidə biləcəyini bildirir.
ABŞ prezidentinin paylaşımında məlumat mərkəzlərinin tikintisi ilə bağlı tənqidlərə də toxunulub. Tramp bu obyektlərin yerli icmalara yeni iş yerləri, daha yüksək əməkhaqqı və əlavə iqtisadi imkanlar gətirdiyini bildirib. ABŞ-də məlumat mərkəzlərinin enerji və digər resurslara tələbatının artması isə son dövrdə həm ictimaiyyət, həm də siyasətçilər arasında müzakirə olunan məsələlərdən biridir.
MONETAR.AZ