Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar sentyabrın 20-dən 29-dək şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məhdudiyyətlər tədbirin keçirilməsi ilə əlaqədar şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin və parklanmanın təşkili məqsədilə tətbiq olunur.
Sürücülərdən avtomobillərini park edərkən ərazidə quraşdırılmış parklanma nişanlarına diqqət yetirmələri xahiş olunur. Məhdudiyyət tətbiq edilən ərazilərdə nəqliyyat vasitələrinin saxlanılmasına yol verilməyəcək.
Agentlik sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı və müvəqqəti parklanma məhdudiyyətlərini nəzərə almağı tövsiyə edib.