İqtisadi cinayətlər 18 faiz azalıb – saxta pul cinayətləri isə artıb

İqtisadi cinayətlər 18 faiz azalıb –

Azərbaycanda 2026-cı ilin ilk yarısında iqtisadi sahədə 5545 cinayət qeydə alınıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1185 cinayət və ya 17,6 faiz azdır.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar-iyun aylarında iqtisadi sahədə 6 730 cinayət qeydə alınmışdı. 2026-cı ilin ilk yarısında bu göstərici 5 545-ə düşüb.

İqtisadi sahədə qeydə alınan cinayətlərin böyük hissəsini mülkiyyət əleyhinə olan cinayətlər təşkil edib. Bu kateqoriya üzrə cinayətlərin sayı 6 087-dən 5 155-ə enib və 15,3 faiz azalıb.

Mülkiyyət əleyhinə cinayətlər arasında oğurluq üzrə 1 884 hal qeydə alınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azdır.

Dələduzluq halları da azalıb. 2025-ci ilin ilk yarısında 3 283 belə cinayət qeydə alındığı halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 2 731 olub. Nəticədə dələduzluq cinayətləri 16,8 faiz azalıb.

Mənimsəmə və ya israf etmə üzrə cinayətlərin sayı 97-dən 83-ə, soyğunçuluq 68-dən 62-yə, quldurluq isə 43-dən 24-ə düşüb.

İqtisadi fəaliyyət sahəsində törədilən cinayətlər daha kəskin azalıb. Bu kateqoriya üzrə göstərici 643-dən 390-a enərək 39,3 faiz azalıb.

Ən böyük azalma vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma hallarındadır. Belə cinayətlərin sayı 327-dən 114-ə düşüb ki, bu da 65,1 faiz azalma deməkdir.

Qaçaqmalçılıq üzrə qeydə alınan cinayətlərin sayı da 152-dən 138-ə enib.

Bununla yanaşı, bəzi cinayət növlərində artım qeydə alınıb. Saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya satılması ilə bağlı cinayətlərin sayı 2025-ci ilin ilk yarısında 4 olduğu halda, 2026-cı ilin eyni dövründə 7-yə yüksəlib.

Beləliklə, ümumi iqtisadi cinayətlərin sayı azalsa da, ayrı-ayrı cinayət növlərində əks istiqamətli dinamika müşahidə olunub.