İdxal azalır, amma bəzi məhsullar bahalaşır 

İdxal azalır, amma bəzi

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan bir sıra ərzaq məhsullarının həcmi azalsa da, onların 1 kiloqram üzrə orta idxal qiymətində artım qeydə alınıb. Ən böyük bahalaşma təzə tərəvəzdə müşahidə olunub.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, hesabat dövründə təzə tərəvəz idxalı 40,4 faiz azalaraq 27 513 tona düşüb. Bununla yanaşı, idxalın dəyəri 31 faiz azalıb. Hesablamalara görə, 1 kiloqram təzə tərəvəzin orta idxal qiyməti 2025-ci ildəki 0,54 dollardan 2026-cı ildə 0,63 dollara yüksəlib. Beləliklə, orta qiymət təxminən 15,8 faiz artıb.

İribuynuzlu heyvan ətində də həm idxal həcmi, həm də orta qiymət yüksəlib. 1 kiloqram ətin orta idxal qiyməti 3,87 dollardan 4,00 dollara qalxıb. Bu, təxminən 3,2 faiz artım deməkdir. Eyni zamanda, ətin idxal həcmi 32,5 faiz artıb.

Təzə meyvənin idxal həcmi 11,6 faiz, dəyəri isə 18,3 faiz artıb. Nəticədə 1 kiloqram meyvənin orta idxal qiyməti 1,22 dollardan 1,29 dollara yüksəlib və təxminən 6 faiz bahalaşıb.

Buğdada isə idxalın miqdarı 2,3 faiz azalıb, dəyəri 2,4 faiz artıb. Hesablamalar göstərir ki, 1 kiloqram buğdanın orta idxal qiyməti 0,22 dollardan 0,23 dollara yüksələrək təxminən 4,8 faiz artıb.

Digər tərəfdən, bəzi məhsullarda həm idxal həcmi, həm də 1 kiloqram üzrə orta qiymət aşağı düşüb. Kərə yağı və digər süd yağlarının orta idxal qiyməti 6,86 dollardan 6,27 dollara enib. Bu, təxminən 8,7 faiz azalma deməkdir.

Kartofun orta idxal qiyməti 0,39 dollardan 0,38 dollara, çayın qiyməti isə 6,09 dollardan 6,00 dollara düşüb. Quş əti və onun əlavə məhsullarında da 1 kiloqram üzrə orta qiymət cüzi azalaraq 1,60 dollardan 1,59 dollara enib.

Beləliklə, idxal statistikasında məhsulun ölkəyə gətirilən ümumi həcmi ilə yanaşı, onun hər kiloqram üzrə orta idxal qiymətində də fərqli dinamika müşahidə olunur. Xüsusilə təzə tərəvəzdə idxal həcminin kəskin azalmasına baxmayaraq, orta idxal qiymətinin yüksəlməsi diqqət çəkir.