Hörmüz boğazından ötən həftəsonu cəmi 12 gəmi keçib. Bu, bir həftə əvvəlki istirahət günləri ilə müqayisədə tranzit hərəkətinin təxminən üç dəfə azalması deməkdir.
“Reuters”in “Kpler” analitik şirkətinin hesablamalarına istinadən yaydığı məlumata görə, sentyabrın 19–20-də boğazdan keçən gəmilərin sayı əvvəlki həftəsonunda qeydə alınan 35 gəmi ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
“Kpler”in məlumatına əsasən, sentyabrın 19-da Fars körfəzini kənd təsərrüfatı məhsulları, mayeləşdirilmiş neft qazı (LPG) və gübrə daşıyan 5 gəmi tərk edib. Həmin gün körfəzə bir boş qazdaşıyan gəmi daxil olub.
Sentyabrın 20-də isə boğazdan 4 gəmi çıxıb. Onlardan ikisi neft məhsulları tankeri, ikisi isə boş gəmi olub. Eyni zamanda, daha iki kiçik neft tankeri Fars körfəzinə daxil olub.
“Reuters” qeyd edir ki, ABŞ və İran arasında münaqişə başlamazdan əvvəl Hörmüz boğazından gündəlik orta hesabla təxminən 125 gəmi keçirdi. Boğazın hərəkətliliyinin kəskin azalması qlobal enerji təchizatı baxımından da diqqət çəkir.
Döyüş əməliyyatlarından əvvəl dünya üzrə neft tədarükünün təxminən 20 faizi, yaxud gündə 17–20 milyon barel neft Hörmüz boğazı vasitəsilə daşınırdı. Münaqişənin başlamasından sonra isə bu marşrut üzrə enerji daşımalarının həcmi dəfələrlə azalıb.
Avqust ayında İran və Oman gəmilərin Hörmüz boğazından müvəqqəti keçidi ilə bağlı razılıq əldə edildiyini açıqlamışdılar. Bununla belə, tərəflər gəmiçiliyin inzibati tənzimlənməsi ilə bağlı danışıqları hələ də davam etdirirlər.
ABŞ isə ötən həftə Hörmüz boğazı vasitəsilə neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının son altı ayın ən yüksək səviyyəsinə çatdığını bildirmişdi. Bununla yanaşı, “Kpler”in son məlumatları boğazda gəmi tranzitinin həftəsonu kəskin şəkildə azaldığını göstərir.
MONETAR.AZ