Azərbaycan Texniki Universitetində (AzTU) Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib. Laboratoriya Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən yaradılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, laboratoriya XRİTDX ilə AzTU arasında 2022-ci ildə imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində qurulub. Obyektin xüsusi proqram təminatları və müasir texnoloji avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər isə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilib.
Laboratoriyanın açılış mərasimində XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, AzTU-nun rektoru Vilayət Vəliyev və digər qonaqlar iştirak ediblər.
Azərbaycanda ilk dəfə yaradılan bu laboratoriya real kiberinsident ssenariləri üzrə praktiki çalışmaların aparılması, rəqəmsal sübutların araşdırılması, zərərli proqram təminatlarının davranışının öyrənilməsi və tərs mühəndislik işlərinin həyata keçirilməsi üçün imkanlar yaradır. Burada həmçinin proqram kodlarının və zərərli təminatların təhlili, kiberhücumların texniki izlərinin araşdırılması və müxtəlif kibertəhdidlərin xüsusiyyətlərinin öyrənilməsi mümkün olacaq.
Yeni laboratoriyanın əsas istiqamətlərindən biri də dövlət informasiya resursları və kritik informasiya infrastrukturlarının kibertəhlükələrdən qorunması üzrə texniki ekspertiza imkanlarının genişləndirilməsidir. Burada müasir kibertəhdidlərin araşdırılması ilə yanaşı, kibertəhlükəsizlik sahəsində yerli mütəxəssis potensialının inkişaf etdirilməsi üçün praktiki mühit formalaşdırılıb.
Laboratoriyanın imkanlarından tələbələr, müəllimlər və tədqiqatçılar, eləcə də dövlət qurumlarının mütəxəssisləri istifadə edə biləcəklər. XRİTDX tərəfindən keçiriləcək praktiki təlimlər çərçivəsində iştirakçılar Azərbaycana qarşı yönələn xüsusi təyinatlı kiberhücumların və zərərli proqram təminatlarının xüsusiyyətlərini araşdıracaq, hücumlarda istifadə olunan metod və texnikaları müəyyənləşdirəcək, həmçinin təhdid aktorları və hücum kampaniyalarının texniki atributsiyası istiqamətində tədqiqatlar aparacaqlar.
Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin – Azərbaycan Dövlət CERT-nin zərərvericilərin analizi və tədqiqi üzrə fəaliyyətinin davamı kimi formalaşdırılıb.
Laboratoriyada dövlət informasiya sistemlərində istifadə olunan son istifadəçi təhlükəsizliyi və antivirus mühafizə həllərinin də kontrollu mühitdə texniki təhlili və sınaqdan keçirilməsi nəzərdə tutulur. Əldə olunan nəticələr dövlət qurumlarında istifadə üçün müvafiq həllərin seçilməsinə imkan verəcək. Bu fəaliyyət “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda nəzərdə tutulan vəzifələrin texniki təminatına xidmət edir.
Açılış mərasimi çərçivəsində, həmçinin XRİTDX tərəfindən AzTU-da 2025–2026-cı tədris ilinin ikinci semestrində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr arasında kibertəhlükəsizlik üzrə keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.