Bu gün müxtəlif rayonlarda 17 torpaq sahəsi üzrə hərrac keçiriləcək. Torpaqlar əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq məqsədilə 15 illik icarəyə veriləcək.
Monetar.az xəbər verir ki, hərraclar saat 15:00-da keçiriləcək. Ərizələrin qəbulu avqustun 17-dən sentyabrın 14-dək aparılır.
Müsabiqə və hərraca çıxarılan torpaqlar Mingəçevir, Ağdaş, Zərdab, Göyçay, Ağstafa və Ağcabədi rayonlarını əhatə edir.
Ən böyük torpaq sahəsi Ağstafa rayonunun Köçəsgər bələdiyyəsinə məxsus 32,62 hektarlıq ərazidir. Bu torpaq heyvandarlıq məqsədilə 15 illik icarəyə təklif olunur. Hərracda ilkin qiymət 2 609 manat, icarə haqqının aşağı həddi isə 23,49 manat göstərilib.
Ağstafa rayonunda həmçinin 5 hektar və 8,96 hektar, Ağcabədi rayonunda 2,38 hektar və 2,36 hektar, Zərdab rayonunda isə 3,08 hektar sahələr hərraca çıxarılır.
Torpaqların bir hissəsi əkin, digər hissəsi isə örüş kimi istifadə üçün nəzərdə tutulub. Əsas məqsədlər kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıqdır.
Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir, Ucar, Qazax və Beyləqan ərazi şöbələrində keçiriləcək.