Ağcabədidə mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib

Ağcabədidə mövsümün ilk

Ağcabədi rayonunda növbəti Aqrar Biznes Festivalı və 2026-cı ilin mövsüm üzrə ilk Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib.

Tədbir Ağcabədi Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Əsas məqsəd fermer və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, aqrar sahədə tətbiq olunan yeniliklər və müasir texnologiyalar barədə məlumatlılığın artırılması, innovativ avadanlıqlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin məhsuldarlığı yüksək, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumların fermerlər üçün əlçatanlığının təmin edilməsi olub.

Aqrar Biznes Festivalında kənd təsərrüfatı texnikası və avadanlıqları, gübrə və pestisidlər nümayiş etdirilib. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların təqdim etdiyi aqrar xidmətlər barədə məlumatlar iştirakçılara çatdırılıb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun kənd təsərrüfatı potensialından və fermerlərlə sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyətindən danışıb. O, Ağcabədinin aqrar ənənələrinin qorunması ilə yanaşı, müasir yanaşmalar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, bu cür tədbirlər fermerlərin dövlət qurumları və aqrar sektorun digər iştirakçıları ilə birbaşa əlaqələrinin gücləndirilməsinə imkan yaradır.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli isə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərindən söz açıb. Onun sözlərinə görə, proqram kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabət qabiliyyətinin artırılmasını, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsini, məhsuldarlığın yüksəldilməsini və müasir texnologiyaların tətbiqinin genişləndirilməsini nəzərdə tutur.

Festival çərçivəsində arıçılıq məhsulları da nümayiş etdirilib. 10-dan çox arıçı müxtəlif növ bal və digər məhsullarını sərgiləyib. Arıçılar Assosiasiyası, Kənd Qadınları Assosiasiyası və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının qadın qrupları da hazırladıqları məhsullarla tədbirdə iştirak ediblər.

Ağcabədidə keçirilən tədbirin əsas diqqətçəkən hissələrindən biri mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası olub. Yarmarkanın məqsədi fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara çıxışını asanlaşdırmaq, yerli toxum istehsalçılarının məhsullarını daha geniş auditoriyaya təqdim etmək və toxumçuluq sahəsində dövlət-özəl tərəfdaşlığını gücləndirməkdir.

Yarmarkada Ağcabədi və ətraf rayonlardan 20-dən çox toxumçu öz məhsullarını sərgiləyib. Burada ayrı-ayrı rayonların kənd təsərrüfatı üzrə ixtisaslaşmasına uyğun yerli və xarici toxum nümunələri də təqdim olunub. Fermerlər toxumların məhsuldarlıq göstəriciləri, rayonlaşdırılması, istifadə xüsusiyyətləri və əldə olunma imkanları barədə ətraflı məlumat alıblar.

Qeyd edək ki, 2026-cı il ərzində Toxum Sərgi-Satış Yarmarkalarının kənd təsərrüfatı bitkiləri üzrə müəyyən edilmiş ixtisaslaşma nəzərə alınmaqla digər rayonlarda da keçirilməsi planlaşdırılır.