Türkiyə investorlara ödəniş etmək üçün aktiv hovuzu yaratmağı düşünür

Türkiyə investorlara ödəniş etmək üçün aktiv hovuzu

Türkiyə ötən həftə maliyyə bazarında yaranan böhrandan sonra tənzimləyicilər tərəfindən dondurulmuş fondların aktivlərindən ibarət yeni fond yaradılması imkanını nəzərdən keçirir.

“Bloomberg”in məlumatlı məmura istinadən yaydığı xəbərə görə, söhbət Kapital Bazarı Şurasının (SPK) ləğv edilməsi barədə qərar verdiyi 131 fondun aktivlərindən formalaşdırılacaq vəsaitdən gedir. Hazırda bu aktivlərin hansı struktur tərəfindən idarə olunacağı ilə bağlı müzakirələr aparılır.

Toplanacaq vəsait ötən həftə fond sektorunda baş verən böhrandan sonra investorların geri qaytarılmasını tələb etdiyi vəsaitlərin idarə olunması üçün istifadə edilə bilər. Böhran payların ödənilməsi ilə bağlı problemlərə, həbslərə və fondlarla əlaqəli şirkətlərin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub.

Ləğv olunması nəzərdə tutulan fondların ümumi aktivlərinin 18 milyard dollardan çox olduğu və onların təxminən 350 min investoru əhatə etdiyi bildirilir. Bununla belə, mənbə vurğulayıb ki, yeni fondun yaradılması ilə bağlı planlar hələ ilkin mərhələdədir və sonradan dəyişdirilə bilər.

Türkiyə hökuməti eyni zamanda ixtisaslı investor statusu üçün müəyyən edilən aktiv həddinin artırılması imkanını da nəzərdən keçirir. Hazırda bu göstərici 10 milyon lirə, yaxud təxminən 205 min dollar təşkil edir.

Yeni tədbirlərin müzakirəsi Türkiyənin fond bazarında yaranmış problemlərin investorların vəsaitlərinin qorunması və maliyyə sektorunda risklərin məhdudlaşdırılması baxımından yenidən qiymətləndirildiyi bir vaxtda aparılır.

MONETAR.AZ