ABŞ-də dizelin qiyməti rekord həddə çatıb

ABŞ-də dizelin qiyməti rekord

ABŞ-də dizel yanacağının qiyməti tarixi maksimuma çatıb. Yanacağın orta pərakəndə qiyməti bir qallon üçün 6,5 dollara yüksəlib.

“Bloomberg”in Amerika Avtomobil Assosiasiyasının məlumatlarına istinadən yaydığı xəbərə görə, dizelin qiymətində artım sentyabr ayında daha da sürətlənib və yanacaq demək olar ki, hər gün bahalaşıb. Ayın əvvəlindən etibarən orta qiymət 87 sent və ya 15 faiz artıb.

Dizellə işləyən minik avtomobillərinin sayı ABŞ-də nisbətən az olsa da, bu yanacaq ölkənin yükdaşıma sektorunda geniş istifadə olunur. Yük maşınlarının, kənd təsərrüfatı texnikasının və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin böyük hissəsi dizellə işləyir. Bu səbəbdən yanacağın bahalaşması daşınma və istehsal xərclərinə də təsir göstərə bilər.

ABŞ-də benzin, dizel və digər neft məhsullarının qiymətləri İranla münaqişənin başlamasından sonra yüksəlməyə başlayıb. Sentyabr ayında Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinin zədələnməsi isə bazardakı təzyiqi daha da artırıb.

“The Wall Street Journal”ın məlumatına görə, kəmərdə yaranan problem tanker çatışmazlığını gücləndirib və neft daşımalarının maya dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Nəticədə qlobal enerji bazarında yaranan təchizat və logistika problemləri ABŞ-də dizel də daxil olmaqla neft məhsullarının qiymətlərinə əlavə təzyiq göstərib.

MONETAR.AZ