Hindistan Rusiyadan neft alışını azalda bilər

Hindistan Rusiyadan neft alışını

Hindistanın neft emalı zavodları ABŞ-nin Rusiya neftini alan ölkələrə qarşı yeni tariflər tətbiq etmək imkanını genişləndirən qanunu imzalamasından sonra Rusiyadan neft alışını azaltmağı nəzərdən keçirirlər.

“Bloomberg”in məlumatına görə, noyabr tədarüklərini planlaşdıran Hindistanın iri neft emalı şirkətləri son günlərdə alternativ neft partiyalarının axtarışını intensivləşdiriblər. Məsələ ilə bağlı danışıqlarda iştirak edən şəxslər prosesin qapalı xarakter daşıması səbəbindən adlarının açıqlanmasını istəməyiblər.

Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan son aylarda yüksək qiymətlərə və Yaxın Şərqdən tədarükün davam edən məhdudiyyətlərinə qarşı Rusiya neftindən daha geniş istifadə edib. Ölkənin neft idxalının yarıdan çoxu son dövrdə Rusiyanın payına düşüb.

ABŞ-də qəbul edilən yeni qanun Donald Tramp administrasiyasına Rusiya neftini alan ölkələrə qarşı əlavə tariflər tətbiq etmək səlahiyyəti verir. Bu siyahıda Rusiyanın dəniz yolu ilə ixrac etdiyi neftin ən böyük alıcısı olan Hindistan da yer alır. Yeni Dehli ötən il də analoji tariflərlə üzləşmiş, lakin həmin tədbirlər sonradan ləğv edilmişdi.

“Kpler”in məlumatına görə, Hindistanın Rusiyadan neft idxalı artıq azalmağa başlayıb. Sentyabr ayında Rusiyadan tədarükün orta hesabla gündə 1,9 milyon barel təşkil edəcəyi gözlənilir. Bu, Hindistanın ümumi neft idxalının 35 faizindən bir qədər çoxuna bərabərdir və aprel ayından bəri ən aşağı göstəricidir.

Rusiya neftinin digər mənbələrdən gələn tədarüklərlə əvəzlənməsi isə asan görünmür. “Argus Media”nın məlumatına əsasən, ötən həftənin sonunda Hindistana çatdırılma şərti ilə Rusiya “Urals” neftinin qiyməti bir barel üçün təxminən 133 dollar olub. Oman və Murban kimi Yaxın Şərq neft sortları isə bundan bir neçə dollar baha qiymətləndirilib.

Bununla yanaşı, Fars körfəzi ölkələrinin Hörmüz boğazı vasitəsilə neft axınını tam bərpa etməkdə çətinlik çəkməsi qlobal bazarda təchizatla bağlı təzyiqləri artırır. Hindistanın neftə tələbatı da yüksəlir. Racastanda yeni neft emalı zavodunun işə düşməsi və mövcud müəssisələrin genişləndirilməsi fonunda ölkənin neft alışlarının gündəlik rekord 5,4 milyon barelə çatdığı bildirilir.

Rusiya neftinin noyabr tədarükü ilə bağlı danışıqların bu ayın son həftəsində başlaması gözlənilir. Mənbələrə görə, Hindistan ABŞ-nin yeni tədbirləri Rusiya enerjidaşıyıcılarının digər iri alıcılarına, o cümlədən Çinə qarşı da tətbiq edib-etməyəcəyini diqqətlə izləyəcək.

Yeni qanun Tramp administrasiyasına Rusiya enerjidaşıyıcılarının iri alıcıları olan ölkələrdən idxal edilən mallara 30 gün ərzində 100 faizə çata biləcək tariflər tətbiq etmək imkanı verir. Bu isə Hindistanın Rusiya neftini almaqda davam edib-etməməsi ilə bağlı qərarında geosiyasi riskləri artırır.

ABŞ-nin ticarət siyasətində təzyiq və güzəştlərin növbələşməsi səbəbindən Hindistan son bir ildən artıq müddətdə Rusiya neftinin alışını dəfələrlə dəyişib. Yeni Dehli isə enerji alışları ilə bağlı qərarlarının əsas məqsədinin 1,4 milyarddan çox əhalinin münasib qiymətə enerji ilə təmin edilməsi olduğunu bildirir.

Nyu-Dehlidə yerləşən “Global Trade Research Initiative” təşkilatının təsisçisi Acay Şrivastavanın sözlərinə görə, Hindistan üçün əsas meyar Rusiya neftinin rəqabətqabiliyyətli qiymətə əldə olunmasıdır. Onun fikrincə, ABŞ-nin tarif təhdidlərinə görə Rusiya neftindən tamamilə imtina etmək enerji xərclərinin artmasına səbəb ola bilər.

MONETAR.AZ