Azərbaycanda ipoteka krediti alanların sayı 60 mini keçdi

Azərbaycanda ipoteka krediti alanların sayı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, Fond 2026-cı il ərzində də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla  davam etdirib.

İndiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 92  milyon manat məbləğində 60 016 ipoteka krediti, o cümlədən, 2 milyard 966 milyon manat məbləğində 41 013 adi ipoteka krediti, 1 milyard 126 milyon manat məbləğində 19 003 güzəştli ipoteka krediti verilib. Eyni zamanda şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə Fond tərəfindən 156,6 milyon manat məbləğində 1624 ipoteka krediti üzrə zəmanət verilib.

Qeyd etmək lazımdır ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.

MONETAR.AZ