“Google” 400 milyon avrodan çox cərimələnib

“Google” 400 milyon avrodan

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) “Google” şirkətini geolokasiya məlumatlarının emalı zamanı Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Reqlamentinin (GDPR) tələblərini pozduğuna görə 400 milyon avrodan çox məbləğdə cərimələyib.

“Reuters”in məlumatına görə, tənzimləyici araşdırmaya təxminən altı il əvvəl bir sıra Avropa istehlakçı hüquqlarının müdafiəsi təşkilatlarının “Google”un istifadəçilərin məkan məlumatlarını necə emal etməsi ilə bağlı şikayətlərindən sonra başlayıb.

Araşdırma “Google Ireland” şirkətinin geolokasiya məlumatlarını qanuni və ədalətli şəkildə emal edib-etmədiyini, həmçinin GDPR-in hesabatlılıq tələblərinə riayət edib-etmədiyini əhatə edib. Araşdırma 25 may 2018-ci ildən 4 fevral 2020-ci ilədək olan dövrü əhatə edib və əsas diqqət “İnternet və tətbiqlərdə aktivlik”, “Məkan tarixçəsi” və “Məkanın dəqiqliyi” funksiyalarına yönəldilib.

DPC-nin qiymətləndirməsinə görə, “Google” istifadəçilərin geolokasiya məlumatlarının hədəflənmiş reklamların təqdim edilməsi və ya onların maraqlarının müəyyənləşdirilməsi məqsədilə istifadə oluna biləcəyini kifayət qədər aydın şəkildə anlamalarına imkan verməyib.

Tənzimləyici həmçinin şirkətin məlumatların emalı ilə bağlı müəyyən tələblərə uyğun hərəkət etmədiyi qənaətinə gəlib. Bununla əlaqədar “Google”a məlumatların emalı təcrübəsini altı ay ərzində GDPR-in tələblərinə uyğunlaşdırmaq göstərişi verilib.

Qeyd olunur ki, tətbiq edilən bu cərimə GDPR-in qüvvəyə minməsindən sonra İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası tərəfindən tətbiq olunan ən böyük sanksiyalardan biri olub və qurumun tarixində məbləğinə görə dördüncü ən böyük cərimə sayılır.

MONETAR.AZ