Qlobal kakao bazarında qiymətlər kəskin ucuzlaşıb. Nyu-York Əmtəə Birjasında (NYMEX) kakao dənələrinin qiyməti həftə ərzində 10,64 faiz azalaraq fevral ayından bəri ən böyük həftəlik enişi göstərib.
Hərracların cümə günü bağlanışına əsasən, dekabr fyuçerslərinin qiyməti 7,71 faiz geriləyərək bir ton üçün təxminən 5,3 min dollara düşüb. Beləliklə, şokolad istehsalının əsas xammalı olan kakao dənələrinin qiyməti son üç həftə ərzində təxminən 20 faiz ucuzlaşıb. Avqustun 31-də isə kakao fyuçersləri bir ton üçün 6,7 min dollar səviyyəsində idi.
“Kommersant”ın istinad etdiyi ekspertlərin fikrincə, qiymətlərin enməsinin əsas səbəblərindən biri Qərbi Afrikada kakao istehsalı üçün əlverişli hava şəraitinin formalaşması ola bilər. Region dünya kakao tədarükündə mühüm paya malik olduğundan hava şəraitindəki dəyişikliklər məhsul gözləntilərinə və nəticə etibarilə qiymətlərə birbaşa təsir göstərir.
Kakaonun qiymətinin əvvəlki dövrdə yüksək səviyyələrə qalxması isə bəzi istehsalçıları məhsulların tərkibində bu xammalın payını azaltmağa sövq edib. Bu amilin şokolad və digər kakao məhsullarına tələbatın zəifləməsinə təsir göstərdiyi bildirilir.
Bununla belə, birjalarda kakao qiymətlərinin ucuzlaşması hələlik şokolad məhsullarının pərakəndə qiymətlərində eyni miqyasda əks olunmur. Ekspertlər bunu istehsalçıların daha yüksək qiymətlər dövründə bağladıqları uzunmüddətli tədarük müqavilələri ilə əlaqələndirirlər.
Bu səbəbdən xammalın birja qiymətindəki enişin şokolad bazarında hiss olunması müəyyən vaxt tələb edə bilər. Kakao qiymətlərinin aşağı səviyyədə qalmasının davam edib-etməyəcəyi isə əsasən Qərbi Afrikada məhsuldarlıq göstəricilərindən və qlobal tələbatın dinamikasından asılı olacaq.
MONETAR.AZ