Qızılın qiyməti dəyişməyib: ABŞ-Çin danışıqları bazarın diqqətindədir

Qızılın qiyməti dəyişməyib:

Qızılın qiyməti həftənin ilk ticarət sessiyasında demək olar ki, dəyişməyib. İnvestorların ABŞ və Çin arasında gözlənilən danışıqlara ehtiyatlı yanaşması və Yaxın Şərqdə davam edən gərginlik qiymətli metal bazarında qeyri-müəyyənliyi artırıb.

Ötən həftə mülayim artım nümayiş etdirən qızıl yeni həftənin əvvəlində sabitləşib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarından sonra ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı yaranan nisbi aydınlıq ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalmasına səbəb olub ki, bu da faiz gəliri gətirməyən qızıla müəyyən dəstək verib.

Bakı vaxtı ilə saat 05:09 radələrində spot qızılın qiyməti bir unsiya üçün 4 379,37 dollar səviyyəsində qalıb. Qızıl fyuçersləri isə cüzi ucuzlaşaraq 4 417,57 dollara enib.

Ötən həftə qızıl FES-in sərt monetar siyasət siqnallarına baxmayaraq, ABŞ xəzinə istiqrazlarının gəlirliliyinin azalması fonunda təxminən 0,6 faiz bahalaşıb. FED son üç ildə ilk dəfə faiz dərəcəsini 25 baza bəndi artırıb.

Tənzimləyicinin rəhbəri Kevin Uorş illik inflyasiyanın 2 faiz hədəfində saxlanılması ilə bağlı öhdəliyin qüvvədə qaldığını bildirib. Bu açıqlama gələcək dövrdə pul-kredit siyasətinin daha da sərtləşdirilə biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.

Bununla belə, faiz artımına baxmayaraq ABŞ dövlət istiqrazlarının gəlirliliyinin aşağı düşməsi qızılın mövqeyini dəstəkləyib. Dolların ötən həftə zəifləməsi də qiymətli metala əlavə dəstək verən amillərdən biri olub.

Hazırda bazarın diqqəti həm ABŞ və Çin arasında gözlənilən danışıqlara, həm də Yaxın Şərqdəki vəziyyətə yönəlib. İnvestorların risklərə münasibəti və ABŞ istiqrazlarının gəlirliliyində baş verəcək dəyişikliklərin yaxın müddətdə qızılın qiymət dinamikasına təsir göstərməsi gözlənilir.

MONETAR.AZ