Neft uğrunda qlobal yarış: ən böyük idxalçılar

Neft uğrunda qlobal yarış:

2025-ci ildə dünyada ən çox neft idxal edən ölkə Çin olub. Ölkə sutkada 13,8 milyon barel neft idxal edib ki, bu da qlobal neft idxalının 18,1 faizinə bərabərdir.

Monetar.az xəbər verir ki, OPEC-in 2026-cı il üzrə illik statistik bülleteninə əsasən, ABŞ sutkada 7,9 milyon barel idxalla ikinci, Hindistan isə 6,2 milyon barellə üçüncü yerdə qərarlaşıb.

Cənubi Koreya sutkada 3,8 milyon barel, Yaponiya isə 3,3 milyon barel neft idxal edib. Beləliklə, ilk 5 ölkənin ümumi idxalı dünya üzrə neft idxalının 46 faizini təşkil edib.

Sinqapur 2,8 milyon barellə altıncı, Niderland 2,7 milyon barellə yeddinci olub. Bu ölkələrin yüksək göstəricilərində onların neft emalı və ticarət mərkəzi kimi fəaliyyəti də rol oynayır. İdxal olunan neftin bir hissəsi emal edildikdən sonra yenidən ixrac olunur.

Ümumilikdə, 2025-ci ildə dünya üzrə sutkada 76,1 milyon barel neft idxal edilib.

Ən böyük idxalçı region isə Asiya-Sakit okean olub. Regionun sutkalıq neft idxalı 38,2 milyon barelə çatıb və dünya üzrə ümumi idxalın 50,1 faizini təşkil edib.

Avropanın payı 25,3 faiz, Şimali Amerikanın payı 12,6 faiz, Afrikanın payı 4,8 faiz, Cənubi və Mərkəzi Amerikanın payı 4,5 faiz, Yaxın Şərqin payı isə 2,6 faiz olub.

Çinin xam neft idxalı ayrıca hesablandıqda sutkada 11,6 milyon barelə çatıb. ABŞ isə eyni zamanda sutkada 10,7 milyon barel neft ixrac edib.