Asiyanın dünya ixracatındakı payı 75 ildə 3 dəfəyə yaxın artıb

Asiyanın dünya ixracatındakı payı 75 ildə

Asiyanın dünya mal ixracatındakı payı 1950-ci ildən 2025-ci ilədək 12,8 faizdən 35,6 faizə yüksəlib.

Monetar.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının məlumatlarına görə, eyni dövrdə 10 aparıcı qərb iqtisadiyyatının dünya ixracatındakı ümumi payı 49,1 faizdən 34,4 faizə geriləyib.

Beləliklə, 2025-ci ildə Asiya dünya mal ixracatının 35,6 faizini təmin edib. 10 aparıcı qərb iqtisadiyyatının payı isə 34,4 faiz olub. Asiya ilk dəfə 2020-ci ildə bu göstəricidə sözügedən qərb ölkələrini geridə qoyub.

1950-ci ildə Asiya ilə qərb iqtisadiyyatları arasında fərq böyük olub. Həmin vaxt Asiyanın payı 12,8 faiz, ABŞ, Almaniya, Böyük Britaniya və Fransa da daxil olmaqla 10 qərb iqtisadiyyatının payı 49,1 faiz təşkil edib.

2000-ci ildə Asiyanın payı 27,1 faizə yüksəlib. Növbəti 25 ildə isə bu göstərici 35,6 faizə çatıb. Qərb ölkələrinin ümumi payı həmin dövrdə 47,7 faizdən 34,4 faizə düşüb.

Asiyanın ixracatında əsas pay Çinə məxsusdur. Çin 2025-ci ildə dünya mal ixracatının 14,4 faizini təmin edib. ABŞ-ın payı isə təxminən 8,3 faiz olub. Halbuki 2000-ci ildə Çinin dünya ixracatındakı payı 4 faizdən də aşağı idi.

Asiyanın qlobal ticarətdə mövqeyinin güclənməsi elektronika və sənaye istehsalında da özünü göstərir. Dünyada elektron məhsulların, o cümlədən kompüter, çip və elektron komponentlərin təxminən 80 faizi Asiyada istehsal olunur.

Çin həmçinin qlobal emal sənayesində böyük paya malikdir. 2024-cü ildə ölkənin dünya istehsalındakı payı 32 faiz təşkil edib. Bu göstərici ABŞ, Yaponiya, Almaniya və Cənubi Koreyanın birlikdə payından çoxdur.