İlon Mask süni intellektin ABŞ iqtisadiyyatının artım tempini əhəmiyyətli dərəcədə sürətləndirə biləcəyini düşünür. Onun proqnozuna görə, süni intellekt gələn il ABŞ-nin ÜDM artımını təxminən iki dəfə artıraraq 2 faizdən 4 faizə yüksəldə bilər.
“X” sosial şəbəkəsində paylaşım edən Mask bildirib ki, süni intellektin iqtisadiyyata təsiri gözləniləndən daha böyük ola bilər. “Mənim ehtimalım belədir ki, Sİ gələn il ABŞ-nin ÜDM artımını təxminən iki dəfə artıracaq – təxminən 2 faizdən 4 faizə qədər. Bəlkə də daha çox”, – deyə o yazıb.
Maskın bu proqnozu süni intellekt infrastrukturuna yönəldilən böyük həcmli investisiyaların nə dərəcədə məhsuldarlıq artımına çevrilə biləcəyi ilə bağlı müzakirələrin genişləndiyi bir vaxta təsadüf edir. ABŞ-də texnologiya şirkətlərinin çiplərə, məlumat mərkəzlərinə və digər süni intellekt infrastrukturuna xərcləri sürətlə artır.
“Reuters Breakingviews”in “Apollo Global Management”dən Torsten Sloka istinadən yaydığı məlumatda bildirilir ki, ABŞ-də süni intellektlə bağlı illik kapital xərclərinin 2027–2029-cu illərdə ÜDM-in 3 faizinə çatması mümkündür. Üç il əvvəl bu göstərici təxminən 0,6 faiz təşkil edib.
“Reuters”in istinad etdiyi “Moody’s” analitiklərinin hesablamalarına görə isə ABŞ-nin iri texnologiya şirkətləri 2027-ci ildə çiplər və məlumat mərkəzlərinə təxminən 1 trilyon dollar xərcləməyi planlaşdırırlar. Bu məbləğ Çindəki rəqib şirkətlərin gözlənilən 165 milyard dollarlıq xərclərindən dəfələrlə çoxdur.
Bununla belə, süni intellektə yönəldilən investisiyaların həcminin artması onların dərhal ümumi iqtisadi məhsuldarlığa çevriləcəyi anlamına gəlmir. Tarixi texnoloji sıçrayışlar göstərir ki, yeni texnologiyalara yatırılan kapital ilə ümumi iqtisadi məhsuldarlığın artması arasında müəyyən zaman fərqi yarana bilər. 1990-cı illərdə internetin sürətli yayılması da genişmiqyaslı məhsuldarlıq artımına bir qədər gec təsir göstərmişdi.
Süni intellektin əvvəlki texnoloji dalğalardan daha sürətli nəticə verməsi isə istisna edilmir. Şirkətlər generativ süni intellekt və avtonom agentləri proqram təminatının hazırlanması, elmi-tədqiqat işləri və müştəri xidmətləri kimi sahələrə getdikcə daha sürətlə inteqrasiya edirlər. Bu texnologiyaların bir işçiyə düşən məhsuldarlığı əhəmiyyətli dərəcədə artırması halında iqtisadi təsirin əvvəlki texnoloji dəyişikliklərlə müqayisədə daha qısa müddətdə üzə çıxması mümkündür.
Digər tərəfdən, bəzi iqtisadi proqnozlar Maskın 4 faizlik artım ssenarisindən daha ehtiyatlı yanaşmanı nəzərdə tutur. “Morningstar” ABŞ iqtisadiyyatının 2027-ci ilə qədər sürətlənməsindən çox, artım tempinin zəifləməsini gözləyir.
Pul-kredit siyasəti də iqtisadi artım üçün əsas amillərdən biri olaraq qalır. Federal Ehtiyat Sisteminin sentyabrın 16-da baza faiz dərəcəsini 4 faizə yüksəltməsi maliyyələşmə şərtlərini sərtləşdirib. “Goldman Sachs” isə oktyabrda daha bir faiz artımı gözləyir. Yüksək faiz dərəcələri iri texnologiya şirkətlərinin investisiya imkanlarını tam məhdudlaşdırmasa da, kiçik və orta biznesin süni intellekt texnologiyalarına yatırım etməsini çətinləşdirə bilər.
ABŞ iqtisadiyyatının digər əsas dayağı olan istehlakçı tələbi isə hələlik müsbət dinamika nümayiş etdirir. Avqustda pərakəndə satışlar iyul ayı ilə müqayisədə 1,2 faiz artaraq 0,8 faizlik gözləntini üstələyib. Bazis pərakəndə satışlarda artım isə 0,6 faizlik proqnoza qarşı 1,4 faiz təşkil edib.
Maskın proqnozunun onun biznes maraqları ilə də əlaqəli olduğu qeyd olunur. “Reuters”in məlumatına görə, onun “Tesla” və “xAI” kimi şirkətləri süni intellekt infrastrukturunun genişləndirilməsindən birbaşa faydalana biləcək şirkətlər sırasındadır.
Beləliklə, süni intellektə yönəldilən rekord həcmli investisiyalar ABŞ iqtisadiyyatında məhsuldarlığın artması üçün mühüm potensial yaratsa da, bu investisiyaların 4 faizlik iqtisadi artıma nə dərəcədə və hansı müddətdə çevriləcəyi hələlik açıq sual olaraq qalır.
MONETAR.AZ