2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard 17,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Monetar.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir. Hesabat dövründə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Bu müddətdə 121 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən isə Azərbaycana məhsul idxal edilib.
Gömrük orqanlarında qeydiyyata alınan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alındıqda, yanvar-iyul aylarında ixracın dəyəri 20 milyard 136,7 milyon dollar, idxalın dəyəri isə 9 milyard 880,7 milyon dollar olub.
Nəticədə Azərbaycanın xarici ticarət balansında 10 milyard 256 milyon dollarlıq müsbət saldo yaranıb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi cari qiymətlərlə 6,9 faiz artsa da, real ifadədə 15,1 faiz azalıb. Bu göstəricilər xarici ticarətin nominal dəyərinin yüksəldiyini, lakin qiymət amili nəzərə alındıqda ticarət əməliyyatlarının real həcminin azaldığını göstərir.
Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlara əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsinin 89,4 faizi 21 ölkə ilə aparılan ticarət əməliyyatlarının payına düşüb. Siyahıda İtaliya, Birləşmiş Krallıq, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Almaniya, Çexiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, ABŞ, İsveçrə, Hindistan, İran, Ukrayna, Fransa, Belarus, Suriya, Tunis və Portuqaliya yer alıb.