Varlı şəxslərin yaşayış və investisiya üçün seçdiyi ölkələr üzrə 2026-cı ilin reytinqində Sinqapur ilk sırada yer alıb.
Monetar.az xəbər verir ki, təqdim olunan reytinqdə Sinqapur 79,5 balla birinci, Yeni Zelandiya 75,8 balla ikinci, Kayman adaları isə 74,3 balla üçüncü olub.
İlk 10-luqda həmçinin Kipr 73,5 bal, Niderland 72,8 bal, Portuqaliya 72,5 bal və İtaliya 72,3 balla yer alıb.
İtaliyanın yeddinci sırada qərarlaşması diqqət çəkir. Ölkə İsveçrə, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ-dan daha yüksək mövqedədir.
Reytinqdə varlı şəxslərin ölkə seçimində bir sıra amillərin nəzərə alındığı bildirilir. Bunlara vergi siyasəti, hüququn aliliyi, yaşayış icazəsi imkanları, maliyyə infrastrukturu, beynəlxalq əlaqələr, siyasi sabitlik, həyat keyfiyyəti və investisiya mühiti daxildir.
Reytinqdə Almaniya 69,7 balla, Böyük Britaniya 68,3 balla, Fransa 65,7 balla, ABŞ isə 62,3 balla qiymətləndirilib.
Diqqətçəkən məqamlardan biri də ilk 16-lıqda yer alan ölkə və ərazilərin 11-nin əhalisinin 10 milyondan az olmasıdır.
Məlumatlar göstərir ki, ölkələr arasında yüksək gəlirli şəxslərin, sahibkarların və ixtisaslı mütəxəssislərin cəlb edilməsi uğrunda rəqabət güclənir. Vergi rejimi, rezidentlik qaydaları və investisiya imkanları bu rəqabətdə əsas amillərdən biri kimi çıxış edir.