Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dörd vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.
Monetar.az xəbər verir ki, vakant yerlər arasında iki kafedra müdiri, bir dosent və bir baş müəllim vəzifəsi var.
Müsabiqə “Davamlı inkişaf” və “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedralarında kafedra müdiri, “Dillər” kafedrasında dosent və “İntellektual sistemlərin idarə olunması” kafedrasında baş müəllim vəzifələri üzrə keçiriləcək.
Kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə, eləcə də ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər müraciət edə bilərlər.
Dosent vəzifəsi üzrə müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər.
Baş müəllim vəzifəsi üçün isə ən azı 3 il elmi-pedaqoji stajı olan elmlər namizədləri və ya ən azı 5 il elmi-pedaqoji stajı, yaxud istehsalat təcrübəsi və çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər müraciət edə bilərlər.
Sənədlər elanın dərc edildiyi gündən etibarən bir ay müddətində qəbul olunur.