“Volvo Cars” şirkətinin baş icraçı direktoru və prezidenti Hokan Samuelsson gələn il vəzifəsini Klaus Sellmerə təhvil verəcək.
Şirkətdən bildirilib ki, Sellmer ən gec 1 oktyabr 2027-ci il tarixinədək İsveç avtomobil istehsalçısının prezidenti və baş icraçı direktoru vəzifəsinin icrasına başlayacaq.
Samuelsson şirkətin maliyyə göstəricilərinin yaxşılaşdırılması məqsədilə 2025-ci ildə yenidən rəhbər vəzifəyə təyin edilmişdi. O, ötən həftə açıqlamışdı ki, müqaviləsinin gələn ilin aprelində başa çatmasından sonra şirkətdə tam ştatlı rejimdə işləməyi planlaşdırmır.
“Volvo Cars” cümə axşamı keçirdiyi strateji təqdimat zamanı 2030-cu ilə qədər 13 yeni modelin təqdim edilməsini nəzərdə tutan planlarını açıqlayıb. Şirkət yeni strategiya çərçivəsində bazardakı mövqeyini gücləndirməyi və payını iki dəfə artırmağı hədəfləyir.
Şirkətin strategiyası ABŞ-nin tətbiq etdiyi tarif məhdudiyyətləri və Çində avtomobil satışlarının azalması fonunda hazırlanıb. Nəzarət paketi Çinin “Geely Holding” şirkətinə məxsus olan “Volvo Cars” son dövrdə tariflər, elektromobillərə tələbin zəifləməsi və tədqiqat-təkmilləşdirmə xərclərinin yüksək olması səbəbindən əvvəllər açıqladığı rentabellik hədəflərinə çatmaqda çətinliklərlə üzləşib.
Klaus Sellmerin rəhbərliyi altında şirkətin yeni strategiyasının icrası, məhsul çeşidinin genişləndirilməsi və dəyişən qlobal avtomobil bazarında maliyyə göstəricilərinin yaxşılaşdırılması əsas vəzifələrdən olacaq.
MONETAR.AZ