Çinin Rusiyadan neft idxalı kəskin artıb

Çinin Rusiyadan neft idxalı

Çinin Rusiyadan neft idxalı avqust ayında 11,22 milyon tona və ya gündəlik 2,64 milyon barelə çatıb. “İnterfaks”ın məlumatına görə, bu, 2025-ci ilin avqust ayı ilə müqayisədə 41,3 faiz, iyul ayı ilə müqayisədə isə 22,6 faiz artım deməkdir.

Pekin avqust ayında Rusiya neftinin alınmasına 6,47 milyard dollar xərcləyib. Beləliklə, Yaxın Şərqdən tədarükün kəskin azalması fonunda Rusiya Çinə ixracını artırmağı bacaran əsas iri təchizatçıya çevrilib.

Bu artımın əsas səbəblərindən biri geosiyasi vəziyyət və neftin daşınma marşrutları ilə bağlı yaranan dəyişikliklərdir. ABŞ və İsrailin 2026-cı ilin fevralında İrana zərbələr endirməsindən sonra qlobal neft ixracının əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazında nəqliyyat imkanları ciddi şəkildə məhdudlaşıb. Eyni zamanda, husilərin Bab əl-Məndəb boğazı vasitəsilə Səudiyyə Ərəbistanının neft ixracına yaratdığı risklər Yaxın Şərq tədarükünə əlavə təzyiq göstərib.

Rusiyanın neft ixrac marşrutları isə bu dar keçidlərdən asılı deyil. Baltik dənizi və Arktika limanlarından həyata keçirilən tədarüklər, eləcə də Sakit okeandakı Kozmino terminalı vasitəsilə ixrac Rusiya şirkətlərinə yaranmış vəziyyətdə logistika baxımından üstünlük verib.

Yaxın Şərq tədarükündəki azalma Çinin digər əsas neft təchizatçılarına da təsir edib. “İnterfaks”ın məlumatına görə, Səudiyyə Ərəbistanı avqust ayında Çinə neft ixracını iyulla müqayisədə təxminən iki dəfə azaldaraq gündəlik 742 min barelə endirib. Rusiyadan sonra Çinin ikinci böyük təchizatçısı olan Braziliyanın tədarükündə də iyulla müqayisədə azalma qeydə alınıb.

Bu şəraitdə Çinin ümumi neft idxalı avqust ayında iyulla müqayisədə 6,2 faiz artaraq gündəlik 8,93 milyon barelə çatıb. Bununla belə, göstərici 2025-ci ilin avqust səviyyəsindən 22,9 faiz aşağı olub. Rusiya tədarükünün kəskin artması isə idxaldakı ümumi azalmanın daha dərin olmasının qarşısını alan əsas amillərdən biri kimi çıxış edib.

2026-cı ilin yanvar-avqust aylarının nəticələrinə görə də Rusiya Çinin əsas neft təchizatçısı olaraq qalır. “Finam.ru”nun məlumatına əsasən, bu dövrdə Rusiyadan Çinə 77,65 milyon ton neft göndərilib ki, bu da illik müqayisədə 18,1 faiz artım deməkdir. Səudiyyə Ərəbistanından tədarük 40,42 milyon ton təşkil edib və 22,9 faiz azalıb. Braziliyadan isə 39,15 milyon ton neft idxal olunub ki, bu da illik 35,2 faiz artım deməkdir.

Rusiya neftinin Çinə tədarükündə artım qiymət dinamikasında da özünü göstərib. Urals markası avqust ayında “Brent”ə nisbətən diskontla satılıb. Sakit okean regionuna Kozmino terminalı vasitəsilə göndərilən ESPO neftinin qiyməti isə ənənəvi olaraq bazar paritetinə daha yaxın formalaşıb və Çin neft emalı zavodları tərəfindən yüksək tələbatla qarşılaşıb.

Yaxın Şərqdən neft təklifinin azalması fonunda Rusiya xammalının həm logistika, həm də qiymət baxımından cəlbediciliyinin artması avqust ayında Çinə tədarükün kəskin yüksəlməsinin əsas amillərindən biri olub.

Bununla yanaşı, Çin neft idxalında mənbələrin şaxələndirilməsini də davam etdirir. Kanada və ABŞ arasında ticarət ziddiyyətlərinin kəskinləşməsi fonunda Pekinin Kanada nefti və mayeləşdirilmiş təbii qaz (LNG) alışlarını artırması ənənəvi təchizatçılardan asılılığın azaldılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.

MONETAR.AZ