2025-ci il ərzində mənzillərin qiymətində onların binadakı mərtəbə mövqeyi və binanın ümumi mərtəbəliliyi nəzərəçarpacaq fərq yaradıb.
Məlumatlara əsasən, orta mərtəbələrdə yerləşən mənzillərin 1 kvadratmetrinin orta qiyməti 2 085 manat təşkil edib. 1-ci mərtəbədə bu göstərici 1 952 manat, son mərtəbədə isə 1 749 manat olub.
Beləliklə, son mərtəbədə yerləşən mənzillərin 1 kvadratmetr üzrə qiyməti orta mərtəbələrlə müqayisədə təxminən 16% aşağı olub. 1-ci mərtəbədə yerləşən mənzillərdə isə fərq təxminən 6,4% təşkil edib.
2025-ci ildə mərtəbə mövqeyinə görə ümumilikdə 41 606 əqd qeydə alınıb. Bunun 29 203-ü orta mərtəbələrdə, 6 234-ü 1-ci mərtəbədə, 6 169-u isə son mərtəbədə yerləşən mənzillərin payına düşüb.
Mənzilin yerləşdiyi binanın ümumi mərtəbə sayı da qiymət göstəricilərində fərq yaradıb.
1–5 mərtəbəli binalarda mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1 866 manat, 6–9 mərtəbəli binalarda 2 030 manat, 10–16 mərtəbəli binalarda isə 2 049 manat olub.
17 və daha çox mərtəbəli binalarda 1 kvadratmetr üzrə orta qiymət 2 531 manata yüksəlib.
Bu göstərici 1–5 mərtəbəli binalarla müqayisədə təxminən 35,6% yüksəkdir.
Əqdlərin sayına görə isə 2025-ci ildə 1–5 mərtəbəli binalarda 16 742, 6–9 mərtəbəli binalarda 9 248, 10–16 mərtəbəli binalarda 11 802, 17 və daha çox mərtəbəli binalarda isə 3 814 əqd qeydə alınıb.
Beləliklə, 2025-ci ilin tam ili üzrə məlumatlar göstərir ki, mənzilin həm konkret mərtəbəsi, həm də yerləşdiyi binanın mərtəbəliliyi qiymət göstəricilərində fərqlənməyə səbəb olub. Ən yüksək 1 kvadratmetr qiyməti 17 və daha çox mərtəbəli binalarda, ən aşağı göstərici isə son mərtəbələrdə qeydə alınıb.
MONETAR.AZ