Mənzil bazarında qiymətlər açıqlandı – Ən çox satış bu aralıqda olub

Mənzil bazarında qiymətlər açıqlandı –

2025-ci ildə Azərbaycanda təkrar mənzil bazarında ən çox əqd 1 kvadratmetri 1000-1999 manat olan mənzillər üzrə bağlanıb. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin məlumatına görə bu qiymət aralığında 14 978 mənzil satılıb. Bu, ümumi əqdlərin 36%-i deməkdir.

İkinci böyük pay isə 1 kvadratmetri 2 000-2 999 manat olan mənzillərə düşüb. Bu kateqoriyada 13 973 əqd, yaxud ümumi satışların 33,6 %-i qeydə alınıb.

Beləliklə, 2025-ci ildə təkrar bazarda satılan mənzillərin təxminən 70%-nin bir kvadratmetrinin qiyməti 1 000-2 999 manat aralığında olub.

1 kvadratmetri 1 000 manatdan ucuz olan mənzillər üzrə 6 778 əqd bağlanıb. Bu, ümumi əqdlərin 16,3 %-ni təşkil edib. Bu seqmentdə ən çox satış “Digər” ərazilərin payına düşüb – 2901 əqd. Gəncədə 886, Abşeronda 1 078, Sumqayıtda 631, Bakıda isə 1 282 mənzil satılıb.

1 kvadratmetri 3 000-3 999 manat olan mənzillər üzrə 4559 əqd qeydə alınıb. Onların 4500-ü Bakıda həyata keçirilib. 4000-4999 manatlıq seqmentdəki 815 əqdin hamısı, 1 kvadratmetri 5 000 manatdan baha olan 503 mənzilin də hamısı Bakı şəhərində satılıb.

Ümumilikdə, rəqəmlər göstərir ki, 3 000 manatdan yuxarı kvadratmetr qiyməti ilə mənzil satışı əsasən Bakı şəhərində cəmləşib. Regionlarda isə mənzillər daha çox 1000-1999 manatlıq və daha aşağı qiymət seqmentlərində satılıb.

MONETAR.AZ