DİM dövlət qulluğu üzrə test imtahanlarının vaxtını açıqladı

DİM dövlət qulluğu üzrə test imtahanlarının

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 24-də dövlət qulluğu vəzifələrinin A və B növləri üzrə növbəti test imtahanları keçiriləcək.

İmtahanlarda dövlət qulluğu vəzifələrinin A növünə aid AB və AC, B növünə aid isə BA və BB altqruplarına uyğun vəzifələr üzrə namizədlər iştirak edəcəklər.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində elektron formada, kompüterlər vasitəsilə təşkil olunacaq. Sessiyalar saat 10:00 və 16:00-da başlayacaq. Saat 09:45-dən və 15:45-dən sonra imtahan keçiriləcək binaya gələn namizədlər imtahana buraxılmayacaqlar.

DİM-in məlumatına görə, imtahanlara qeydiyyat avqustun 20-dən sentyabrın 9-dək aparılıb. Bu müddətdə ümumilikdə 1 753 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytına daxil olaraq  "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər.

İmtahanların təşkili üçün 2 ümumi imtahan rəhbəri, 20 zal administratoru, 117 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı cəlb olunub.