Peters iqtisadi risklər barədə xəbərdarlıq edib

Peters iqtisadi risklər barədə

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters ölkənin xarici siyasətində əsas riskin qlobal böhranlara yanlış və ya qeyri-adekvat reaksiya vermək olduğunu bildirib. O, xəbərdarlıq edib ki, xüsusilə ticarətdən yüksək dərəcədə asılı olan ölkə üçün düşünülməmiş siyasi bəyanatlar ciddi iqtisadi nəticələrə səbəb ola bilər.

Üçüncü dəfə xarici işlər naziri vəzifəsini tutan Piters “Reuters”ə müsahibəsində Yeni Zelandiyanın diplomatik münaqişələrin iqtisadi xərclərini qarşılamaq üçün kifayət qədər böyük iqtisadi imkanlara malik olmadığını deyib. Nazir mövcud geosiyasi vəziyyəti də İkinci Dünya müharibəsindən bəri ən mürəkkəb dövrlərdən biri kimi xarakterizə edib.

Növbəti ümumi seçkilər ərəfəsində danışan Piters Yeni Zelandiyanın kiçik ölkə olduğunu və buna görə də xarici siyasətdə atılan addımların diqqətlə ölçülməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq hadisələrə emosional və ya yanlış reaksiya sonradan ölkə üçün iqtisadi itkilərlə nəticələnə bilər.

Piters bu yanaşmanın əvvəlki açıqlamalarında da özünü göstərdiyini bildirib. 2025-ci ildə Baş nazir Kristofer Laksonun dünya liderlərini ABŞ tariflərini müzakirə etməyə çağırmasından sonra iki siyasətçi arasında fikir ayrılığı yaranmışdı. Piters həmin vaxt siyasətçilərin daha təmkinli davranmalı və hadisələrin necə inkişaf edəcəyini gözləməli olduqlarını bildirmişdi.

Yaxın Şərqlə bağlı məsələlərə toxunan nazir hökumətin İranla bağlı mövqeyində və Fələstin dövlətinin tanınması ilə bağlı müzakirələrdə ehtiyatlı siyasət yürütməsini müdafiə edib. O bildirib ki, Yeni Zelandiya iki dövlətli həll variantını dəstəkləyir. Pitersin sözlərinə görə, xarici siyasət qərarları daxili siyasi təzyiqlərdən daha çox real hadisələrə və ölkənin maraqlarına əsaslanmalıdır.

Bununla yanaşı, Piters Yeni Zelandiyanın müdafiə imkanlarının gücləndirilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, ölkə hərbi xərcləri artırmalı və yeni texnologiyaların inkişafına investisiya qoymalıdır. Nazir daha yaxşı hərbi hazırlığın sülhün qorunmasına töhfə verə biləcəyini bildirib.

Piters ABŞ-ın Yeni Zelandiyanın müdafiə imkanlarını, o cümlədən ölkə ərazisindən raketlərin buraxılması kimi potensial imkanları daha fəal nəzərdən keçirməsini də qeyd edib. O, ABŞ-ın Sakit okean regionunda iştirakının güclənməsini müsbət qiymətləndirib, lakin həyata keçiriləcək layihələrin səmərəli idarə olunmasının və uzunmüddətli dayanıqlığının təmin edilməsinin vacibliyini vurğulayıb.

Yeni Zelandiyada qarşıdakı seçkilərin xarici siyasət və müdafiə məsələlərinin də diqqət mərkəzində olduğu şəraitdə keçirilməsi gözlənilir. Təqdim olunan strateji sorğu məlumatlarına əsasən, Pitersin rəhbərlik etdiyi “NZ First” partiyasının dəstəyi 13 faiz səviyyəsində göstərilir.

MONETAR.AZ