Azərbaycanda mənzillərin böyük hissəsi 200 min manatdan ucuz satılıb

Azərbaycanda mənzillərin böyük hissəsi

2025-ci ildə Azərbaycanda təkrar mənzil bazarında bağlanan əqdlərin böyük hissəsi 200 min manatdan aşağı qiymətə həyata keçirilib. İl ərzində satılan 41 606 mənzilin 18 378-i, yəni 44,2%-i 100 min manatdan ucuz olub. Daha 16 891 mənzil isə 100-200 min manat aralığında satılıb. Bu kateqoriyanın bazardakı payı 40,6% təşkil edib. Beləliklə, 2025-ci ildə mənzil alıcılarının 84,8%-i 200 min manatdan ucuz mənzil əldə edib.

Ucuz mənzillər regionlarda daha çoxdur

100 min manatdan aşağı qiymətə satılan mənzillərin sayı regionlarda daha yüksək olub. Bu qiymət seqmentində Bakı üzrə 5 606, Abşeron üzrə 4 006, Sumqayıt üzrə 2 666, Gəncə üzrə 1 969, digər ərazilər üzrə isə 4 131 əqd qeydə alınıb. 100-200 min manatlıq mənzillərin satışında isə Bakı açıq şəkildə üstünlük təşkil edib. Bu qiymət aralığında Bakıda 13 263 mənzil satılıb. Abşeronda bu göstərici 1 987, Sumqayıtda 1 093, Gəncədə 217, digər ərazilərdə isə 331 olub.

300 min manatdan bahalı mənzillərin əsas ünvanı Bakı olub 

Daha yüksək qiymət seqmentində Bakı şəhərinin üstünlüyü xüsusilə nəzərə çarpır. 200-300 min manatlıq mənzillər üzrə 4 080 əqdin 3 915-i Bakıda həyata keçirilib. 300-400 min manatlıq mənzillərdə isə 1 399 əqdin 1 390-ı Bakının payına düşüb. 400-500 min manatlıq mənzillər üzrə 443 əqdin 442-si, 500 min-1 milyon manatlıq seqmentdəki 373 əqdin hamısı Bakı şəhərində qeydə alınıb.

1 milyon manatdan baha mənzillər üzrə isə 42 əqd bağlanıb və onların hamısı Bakının payına düşüb. Ümumilikdə, rəqəmlər göstərir ki, 100 min manatdan aşağı qiymətli mənzillərin satışı regionlarda daha geniş yayılsa da, yüksək qiymət seqmentində bazar əsasən Bakı şəhərində cəmləşib.