Azərbaycanda 2025-ci ildə təkrar mənzil bazarında 41 min 606 alqı-satqı əqdi qeydə alınıb. Əqdlərin yarıdan çoxu yeni tikililərdəki mənzillərin payına düşüb.
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 2025-ci ili əhatə edən geniş təhlildə təkrar mənzil bazarında müşahidə olunan əsas trendlər və bazarın dinamikası araşdırılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, təhlil notariuslar tərəfindən təsdiqlənərək daşınmaz əmlakın dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditləşməsinin həcmi, mənzillərin yerləşdiyi mərtəbə və binaların xüsusiyyətləri, o cümlədən otaq sayı, sahəsi və qiyməti barədə məlumatlar əsasında aparılıb.
Araşdırma zamanı mənzil bazarı Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə ayrıca, digər şəhər və rayonlar isə ümumi qrup şəklində qiymətləndirilib. Mənzillərin yerləşdiyi binalar tikinti dövrünə görə 1920-ci ilə qədər, 1920-1991-ci illər və 1992-ci ildən sonrakı dövr olmaqla üç qrupa ayrılıb. Mənzillər otaq sayına görə də bir otaqdan beş və daha çox otağa qədər altı kateqoriyada təsnifləşdirilib.
Təhlildə, həmçinin mənzil alan şəxslərin hüquqi statusu, cinsiyyəti və yaş qrupları üzrə statistik göstəricilər əks olunub.
2025-ci ildə ölkə üzrə təkrar mənzil bazarında qeydə alınan 41 min 606 alqı-satqı əqdinin 21 min 629-u və ya 52 faizi yeni tikililərin payına düşüb. Sovet dövründə inşa edilmiş mənzillər 18 min 865 əqdlə bazarın 45,3 faizini təşkil edib. Sovet dövründən əvvəl tikilmiş binalardakı mənzillər üzrə isə 1 112 alqı-satqı əqdi rəsmiləşdirilib ki, bu da ümumi göstəricinin 2,7 faizinə bərabərdir.
Əqdlərin coğrafi bölgüsündə Bakı şəhəri açıq şəkildə fərqlənib. Belə ki, il ərzində paytaxtda 25 min 31 mənzil alqı-satqısı rəsmiləşdirilib.
Regionlarda isə ən yüksək aktivlik Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində qeydə alınıb. Abşeronda 6 054, Sumqayıtda 3 838, Gəncədə isə 2 202 alqı-satqı əqdi rəsmiləşdirilib. Digər şəhər və rayonların ümumi payına isə 4 481 əqd düşüb.
Beləliklə, 2025-ci ilin göstəriciləri təkrar mənzil bazarında əməliyyatların əsasən Bakı və paytaxta yaxın ərazilərdə cəmləşdiyini, yeni tikililərin isə alqı-satqı strukturunda üstün mövqeyə malik olduğunu göstərir.
