Çinin qızıl idxalı 2026-cı ilin əvvəlindən etibarən rekord səviyyəyə yüksəlib. “Bloomberg”in məlumatına görə, beynəlxalq bazarlarda qızılın qiymətinin kəskin enməsi və yuanın möhkəmlənməsi ölkənin idxalını əhəmiyyətli dərəcədə artırıb.
2017-ci ildən etibarən aparılan gömrük statistikasına əsasən, Çin yanvar-avqust aylarında 1000 tondan çox qızıl idxal edib. Beləliklə, ilin ilk səkkiz ayında idxalın həcmi artıq 2025-ci ilin bütöv göstəricisini geridə qoyub.
“Jinrui Futures Co.” şirkətinin analitiki Tszıtsze U bildirib ki, güclü investisiya tələbi Çində qızılın daxili qiymətini beynəlxalq etalon qiymətlərlə müqayisədə müəyyən premiumla saxlayır. Bu amil isə idxala əlavə stimul verir.
Analitikin sözlərinə görə, yuanın ilin əvvəlindən etibarən möhkəm mövqeyini qoruması qızıl idxalı üçün əlverişli şərait yaradıb. Eyni zamanda, bu vəziyyət tənzimləyicilərə idxal kvotalarını daha geniş müəyyənləşdirmək imkanı verib.
Qızıl bazarında tələbin artmasının əsas mənbələrindən biri də birja fondlarıdır. Şanxay Qızıl Birjasının məlumatına görə, Çində fəaliyyət göstərən qızıl ETF-ləri avqust ayına qədər portfellərinə təxminən 44 ton qızıl əlavə edib. Bu, ilin əvvəlindən 18 faiz çoxdur. Müqayisə üçün, eyni dövrdə qlobal qızıl ETF-lərinin ümumi həcmi demək olar ki, dəyişməyib.
İlin əvvəlində qızılın tarixi maksimumdan geri çəkilməsi də investorların alış fəallığını artırıb. Qiymətlərin ucuzlaşmasından yararlanmaq istəyən investorların bazara daxil olması Çinin qızıl idxalının ilin əvvəlindən yüksək səviyyədə qalmasına səbəb olan amillərdən biri olub.
İyun ayından qüvvəyə minən yeni lisenziyalaşdırma rejimi də qızıl alışını dəstəkləyib. Yeni qaydalar bankların Çin Xalq Bankı tərəfindən ayrılmış mövcud idxal kvotalarından daha geniş istifadə etməsinə şərait yaradıb.
Çin hazırda dünyanın ən böyük qızıl alıcılarından biridir. Ölkədə qiymətli metala tələbatı iqtisadi qeyri-müəyyənliklə yanaşı, digər ölkələrlə müqayisədə investisiya imkanlarının nisbətən məhdud olması da dəstəkləyir.
Tszıtsze U qeyd edib ki, Çin Xalq Bankının son aylarda qızıl ehtiyatlarını artırması pərakəndə investorların bazara münasibətinə də müsbət təsir göstərib. Avqust ayında Çin Xalq Bankı 2023-cü ildən bəri ən böyük aylıq qızıl alışını həyata keçirib və bununla da qızıl alışları üzrə fasiləsiz seriyanı təxminən iki ilə çatdırıb.
Çinin qızıl bazarındakı fəallığının həm investisiya tələbinin, həm də yuanın məzənnəsinin yaratdığı əlverişli şərtlərin təsiri ilə yaxın dövrdə də qlobal qızıl bazarı üçün mühüm amillərdən biri olaraq qalması gözlənilir.
MONETAR.AZ