ABŞ-da çip istehsalçılarının və bankların səhmləri ucuzlaşıb

ABŞ-da çip istehsalçılarının və

ABŞ fond bazarında çip istehsalçılarının səhmləri ucuzlaşıb. Çin şirkəti CXMT-nin yaddaş texnologiyasında irəliləyiş əldə etməsi ilə bağlı xəbərlər sektorda rəqabətin güclənəcəyi və süni intellektə yatırılan vəsaitlərin geri dönüşü ilə bağlı narahatlıqları artırıb.

Monetar.az xəbər verir ki, çərşənbə axşamı yaddaş çipləri istehsal edən şirkətlərin səhmləri daha çox ucuzlaşıb.

“Mikron”un səhmləri 5,25%, “Sandisk”in 2,3%, “Seagate Technology”nin 2,75%, “Western Digital”ın isə təxminən 2,5% dəyər itirib. “SK Hynix”in ABŞ bazarında satılan səhmləri də 3,82% ucuzlaşıb. Cənubi Koreyada “Samsung Electronics”in səhmləri 7%-dən çox geriləyib.

Məlumatlara görə, Çinin yaddaş çipləri istehsalçısı CXMT yaddaş sıxlığını artırmağa imkan verən yeni hüceyrə arxitekturasının hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə etdiyini açıqlayıb. “Samsung Electronics” və “SK Hynix” də oxşar texnologiya üzərində işləyirlər.

Bununla belə, sektordakı bütün şirkətlərin səhmləri ucuzlaşmayıb. “Broadcom”un səhmləri 0,3%, “Nvidia”nın 0,35%, “Intel”in təxminən 1%, “AMD”nin isə 0,4% bahalaşıb.

ABŞ-ın əsas fond indekslərində də zəif dinamika müşahidə olunub. “Dow Jones” indeksi 0,37%, “S&P 500” 0,05%, “Nasdaq Composite” isə 0,18% geriləyib.

Bank sektorunda da itkilər qeydə alınıb. “Wells Fargo”nun səhmləri xalis faiz gəlirinin gözləntiləri doğrultmaması fonunda 1,8%, “Citigroup”un səhmləri isə 3,6% ucuzlaşıb. Bunun əksinə, “Goldman Sachs”ın səhmləri 0,3%, “JPMorgan Chase”in səhmləri isə 0,13% bahalaşıb.

İnvestorlar eyni zamanda iri ABŞ banklarının rüblük maliyyə hesabatlarını qiymətləndirirlər. Bazar iştirakçılarının diqqətində həm şirkətlərin maliyyə nəticələri, həm də çip istehsalı sahəsində rəqabətin gələcək istiqaməti dayanır.