Bitkoin bu gün son beş aya yaxın dövrün ən aşağı səviyyəsinə enib. Dünyanın maliyyə bazarlarında süni intellekt sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinin kəskin ucuzlaşması investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olub. Nəticədə ən böyük kriptovalyuta ardıcıl yeddinci həftəni də itkilərlə başa vurmaq təhlükəsi ilə üzləşib.
Bakı vaxtı ilə saat 09:59-a olan məlumata görə, Bitcoinin qiyməti 2,3% azalaraq 61 874,4 dollara düşüb. Kriptovalyuta həftə ərzində isə 4,1% ucuzlaşıb. Bununla da oktyabrın əvvəlində başlayan eniş tendensiyası davam edib.
Bu gün digər rəqəmsal aktivlər də dəyər itirib. Texnologiya sektorunda müşahidə olunan satış dalğası investorların spekulyativ əməliyyatlara marağını azaldıb. Son günlər bazar iştirakçıları süni intellekt texnologiyalarına yönəldilən böyük investisiyaların uzunmüddətli gəlirliliyini və şirkətlərin yaxın aylarda bu xərcləri davam etdirmək imkanlarını şübhə altına alırlar.
Anthropic şirkətinin iri həcmli ilkin kütləvi təklifi (IPO) də bazarda müsbət əhval-ruhiyyə yaratmayıb. Şirkətin səhmləri ticarət sessiyası ərzində qeydə alınan maksimum göstəricilərdən xeyli aşağı səviyyədə bağlanıb və cümə axşamı əsas ticarət saatlarından sonrakı əməliyyatlarda da ucuzlaşmaqda davam edib.
Anthropic səhmlərinin yerləşdirilməsi kriptovalyuta bazarındakı likvidliyə də təsir göstərib. Belə ki, institusional investorlar bu həftə Bitkoin üzrə spot birja fondlarından (ETF) vəsait çıxarılmasını davam etdiriblər.
SoSoValue aqreqatorunun məlumatına əsasən, həftənin əvvəlindən etibarən Bitcoin spot ETF-lərindən xalis vəsait axını 1,12 milyard dollar təşkil edib. Bununla da həmin fondlardan vəsait çıxarılması ardıcıl üçüncü həftə 1 milyard dolları ötüb.
Kriptovalyuta bazarına təzyiq göstərən digər əsas amillərdən biri də ABŞ-də faiz dərəcələrinin artırılması ehtimalıdır. Bir sıra iqtisadi göstəricilər və Federal Ehtiyat Sisteminin (FED) nümayəndələrinin açıqlamaları dekabr ayında uçot dərəcəsinin yüksəldilə biləcəyi gözləntilərini gücləndirib. Yüksək faiz dərəcələri perspektivi investorların riskli aktivlərə marağını zəiflədən amillər sırasında yer alır.
MONETAR.AZ