Misin qiyməti kəskin ucuzlaşır: həftəlik itkilər 9 faizi ötüb

Misin qiyməti kəskin ucuzlaşır:

Dünya bazarlarında misin qiyməti son aylarda qeydə alınan minimum səviyyələrə yaxınlaşıb. Qlobal tələbatla bağlı narahatlıqlar və investorların riskli aktivlərdən uzaqlaşması fonunda sənaye metalının qiymətində kəskin eniş müşahidə olunur.

LME birjasında mis fyuçersləri 2,49% ucuzlaşaraq bir ton üçün 12 174,53 dollara enib. Comex birjasında isə qiymət 1,38% azalaraq 5,5143 dollar təşkil edib.

Həftəlik göstəricilərə əsasən, mis LME-də 9,09%, Comex-də isə 9,65% dəyər itirib. Son bir ayda ucuzlaşma müvafiq olaraq 15,51% və 16,37% təşkil edib. İlin əvvəlindən bəri isə misin qiyməti LME-də 2,55%, Comex-də 3,16% azalıb.

«Bloomberg»in məlumatına görə, qlobal tələbatın perspektivləri ilə bağlı narahatlıqlar mis bazarında son bir həftə ərzində ciddi satışlara səbəb olub. LME-də üçaylıq mis fyuçersləri 3%-dən çox ucuzlaşıb. Metal mart ayından bəri ən aşağı qiymət səviyyəsinə enərək son on ilin ən zəif həftəlik nəticələrindən birini göstərməyə hazırlaşır.

Təxminən 9%-lik həftəlik geriləmə COVID-19 pandemiyasının başlanğıcında və 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın «azadedici» rüsumları elan etməsindən sonra qeydə alınan bazar reaksiyası istisna olmaqla, son on ilin ən kəskin enişlərindən biri hesab olunur.

Qeyd edək ki, sentyabr ayında misin bir tonunun qiyməti təxminən 15 min dollara yüksələrək rekord həddə çatmışdı. Hazırda isə kotirovkaların 12 min dollardan aşağı düşməsi riski yaranıb.

Satış təzyiqinin əsas səbəblərindən biri süni intellekt (Sİ) sektoruna yönəldilən böyük investisiyaların davamlılığına dair şübhələrin artmasıdır. İnvestorlar həm bu xərclərin uzunmüddətli gəlirliliyini, həm də süni intellekt infrastrukturunun genişləndirilməsində misə olan tələbatın real miqyasını yenidən qiymətləndirirlər.

Bununla yanaşı, Çində zəif tələbat, ABŞ-nin mis idxalına rüsum tətbiq etmək ehtimalının azalması və dolların möhkəmlənməsi də qiymətlərə mənfi təsir göstərən amillər sırasındadır.

«Benchmark Mineral Intelligence» şirkətinin mis üzrə analitiki Albert Makkenzi bildirib ki, bazarda qiymət dəyişikliklərini yalnız süni intellekt investisiyaları ilə izah etmək düzgün olmazdı. Onun fikrincə, bu amilin təsiri barədə müzakirələr müəyyən qədər şişirdilə bilər və bazardakı proseslərə başqa faktorlar da təsir göstərir.

Digər sənaye metallarında da ucuzlaşma qeydə alınıb. Həftə ərzində qalayın qiyməti 12%-dən çox, sinkin qiyməti isə 5%-dən artıq azalıb.

MONETAR.AZ