Alüminium qıtlığı dərinləşir

Alüminium qıtlığı

Bloomberg agentliyinin təhlilinə əsasən, Hörmüz boğazındakı geosiyasi gərginlik və qlobal tədarük zəncirinin qırılması nəticəsində alüminium bazarında kəskin fiziki qıtlıq (defisit) yaranıb. Sənayedə real xammala olan tələbatın birja müqavilələrini üstələməsi qiymətləri son onilliklərin rekord səviyyəsinə qaldırıb, birja anbarlarındakı qalıqlar isə kritik həddə düşüb.

Fars körfəzi regionu təkcə neft-qaz deyil, həm də dünya alüminium sənayesinin əsas mərkəzlərindən biridir. Qlobal alüminium istehsalının təxminən 10%-i birbaşa bu regionun (BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətər kimi ölkələrin nəhəng əridici zavodlarının) payına düşür. Regiondakı əridici zavodların birbaşa hərbi hədəfə çevrilməsi və xammalın Hörmüz boğazı vasitəsilə dəniz nəqliyyatına çıxışının bloklanması sənayeni son onilliklərin ən böyük struktur böhranı ilə üz-üzə qoyub.

Ötən cümə günü London Metal Birjasında (LME) bazarın dərin qıtlıq fazasına, bekvordasiya (backwardation) vəziyyətinə keçdiyini göstərən klassik siqnal qeydə alınıb. Alüminiumun dərhal tədarük edilən (spot) qiyməti, 3 aylıq fyuçers müqavilələri ilə müqayisədə ton başına 97 dollar premiuma yüksəlib. Bu, 2007-ci ildən bəri qeydə alınan ən yüksək spot mükafatıdır. Sənaye alıcıları metalı dərhal əldə etmək üçün gələcək müqavilələrdən daha çox pul ödəməyə hazırdırlar.

Dünyanın əsas metal birjalarının (LME, CME Group və Şanxay Fyuçers Birjası) anbarlarında qorunan ümumi alüminium ehtiyatları demək olar ki, tükənmək üzrədir. Mövcud birja qalıqları qlobal istehlak tələbini 5 gündən az müddətə qarşılaya bilir. Bu, LME-də ticarət edilən altı əsas əlvan metal (mis, sink, qurğuşun, nikel, qalay, alüminium) arasında ən aşağı təminat səviyyəsidir. Tarixən həmişə "həddindən artıq təklif" və anbar bolluğu problemi yaşayan alüminium bazarı üçün bu, görünməmiş bir dönüş nöqtəsidir.

Uoll-Strit analitikləri bəyan edirlər ki, hərbi-diplomatik gərginlik tezliklə tam tənzimlənməsə, xüsusilə avtomobil, aviasiya və qablaşdırma sənayesində alüminium xərclərinin kəskin artması qlobal istehsal inflyasiyasını yenidən alovlandıracaq.

MONETAR.AZ