Qlobal əmtəə bazarlarında alüminium fyuçerslərinin qiymətində artım qeydə alınıb. Böyük Britaniya bazarında alüminiumun bir tonunun qiyməti 3 550 ABŞ dollarına yüksələrək son dörd ilin maksimum səviyyəsinə yaxınlaşıb.
Məlumata görə, qiymət artımı əsasən Yaxın Şərq regionunda davam edən geosiyasi gərginlik və tədarük zəncirində yaranmış fasilələrlə əlaqələndirilir. İran və ABŞ arasında davam edən gərginlik nəticəsində Fars körfəzində kommersiya daşımalarının məhdudlaşdığı bildirilir.
Qeyd olunur ki, münaqişədən əvvəl Körfəz ölkələri qlobal alüminium istehsalının təxminən 9 faizini, qeyri-Çin istehsalının isə 25 faizini təmin edirdi. Hazırda isə regiondakı iri istehsal müəssisələrində fəaliyyətin ləngiməsi qlobal təchizatda əlavə çətinliklər yaradıb.
Bundan əlavə, bölgədə təbii qaz qiymətlərinin artması istehsal xərclərini yüksəldərək alüminiumun emal qiymətlərinə də təsir göstərib. Xüsusilə Emirates Global Aluminium zavodunda istehsalın bərpasının təxminən bir il çəkəcəyi, Bəhreyndə yerləşən Aluminium Bahrain müəssisəsində isə fəaliyyətin müvəqqəti dayandırıldığı bildirilir.
MONETAR.AZ