Dünyanın ən böyük avtomobil bazarı olan Çində daxili istehlakçı marağı sönməkdə davam edərkən, ixrac rəqəmləri hər kəsi heyrətləndirən bir zirvəyə yüksəlib. Çin Minik Avtomobilləri Assosiasiyasının son hesabatına görə, 2026-cı ilin aprel ayında daxili satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% azalaraq 1,4 milyon ədədə düşüb.
Bu, bazarda artıq yeddi aydır davam edən ardıcıl geriləmənin ən kəskin nöqtələrindən biridir. Hətta bir vaxtlar bazarın "lokomotivi" sayılan elektrikli və hibrid avtomobillərin satışında da 6,8%-lik azalma qeydə alınıb ki, bu da daxili bazarın doyma həddinə çatdığının və iqtisadi ehtiyatlılığın bariz göstəricisidir.
İxracda "elektrik" inqilabı: 111,8 faizlik artım
Daxili bazardakı bu mənfi mənzərənin əksinə, xarici bazarlarda Çin avtomobilləri əsl ekspansiya dövrünü yaşayır. Aprel ayında ümumi avtomobil ixracı illik bazada 80,2% artıb. Lakin ən diqqətçəkən məqam elektrikli və hibrid modellərin ixracında qeydə alınan 111,8%-lik sıçrayışdır. Bu kəskin artımın arxasında həm Çin istehsalçılarının aqressiv xarici siyasəti, həm də qlobal konyuktura dayanır. Yaxın Şərqdə davam edən müharibə və Hörmüz boğazındakı gərginlik səbəbindən yanacaq qiymətlərinin dünya üzrə bahalaşması, bir çox ölkədə istehlakçıları məcburi şəkildə daha qənaətcil olan Çin elektromobillərinə yönəldib.
BYD və digər nəhənglərin xarici hədəfləri
Çinin satış lideri BYD başda olmaqla, bir çox yerli istehsalçı artıq strategiyalarını tamamilə dəyişib. Daxili rəqabətin amansızlığı və tələbin azalması fonunda şirkətlər öz gələcəklərini Avropa, Cənub-Şərqi Asiya və Yaxın Şərq bazarlarında görürlər. BYD rəhbərliyinin dəfələrlə vurğuladığı kimi, "ixrac artıq bir seçim deyil, zərurətdir". Beləliklə, daxili bazarda yaşanan "yeddi aylıq qış", Çin avtomobil sənayesini qlobal miqyasda daha dayanıqlı və genişmiqyaslı bir gücə çevirən yeni bir "ixrac baharına" yol açıb.
MONETAR.AZ