Ərzaq səbəti "ağırlaşıb": 5 ildə un məmulatları kəskin bahalaşıb

Ərzaq səbəti "ağırlaşıb": 5 ildə un məmulatları

2021–2026-cı illər ərzində Azərbaycanda ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq artım qeydə alınıb. Xüsusilə un məmulatları, çörək, yarmalar, makaron və şirniyyat məhsulları üzrə bahalaşma sürətlənib.

Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, son altı ildə bir sıra əsas qida məhsullarında qiymət artımı 40-70 faiz aralığında dəyişib.

Əsas istehlak məhsulları arasında ən yüksək bahalaşma düyü və un məhsullarında müşahidə olunub.

Uzun düyünün qiyməti 3,53 manatdan 4,81 manata yüksələrək 36,5 faiz artıb. Yumru düyüdə isə artım daha yüksək olub - məhsulun qiyməti 2,09 manatdan 3,08 manata çatıb ki, bu da 47,4 faiz bahalaşma deməkdir.

Buğda ununun qiyməti də son illərdə əhəmiyyətli şəkildə artaraq 1,09 manatdan 1,50 manata yüksəlib. Manna və qarabaşaq yarmasında da müvafiq olaraq 28 və 30 faizdən çox qiymət artımı qeydə alınıb. 

Ən ciddi qiymət artımlarından biri çörək məhsullarında müşahidə olunub. Əla növ buğda çörəyinin qiyməti 0,81 manatdan 1,27 manata yüksələrək 56,8 faiz artıb. Çovdar çörəyi isə ən çox bahalaşan məhsullardan biri olub - qiymət 1,18 manatdan 2,15 manata çataraq 82,2 faiz yüksəlib. Qarışıq undan hazırlanan çörəyin qiymətində də 68,6 faizlik artım qeydə alınıb. 

Şirniyyat məhsulları da qiymət artımından ciddi şəkildə təsirlənib. Peçenyenin qiyməti 56 faiz, pryanikin qiyməti isə 58,6 faiz artıb. Paxlava ən çox bahalaşan məhsullardan biri olub - məhsulun qiyməti 8,11 manatdan 14,07 manata yüksələrək 73,5 faiz artım göstərib. Vafli və kremli biskvit tortlarında da müvafiq olaraq 63,7 və 50,2 faiz bahalaşma qeydə alınıb.

Makaron məhsullarında da əhəmiyyətli qiymət artımı müşahidə olunub. Vermişelin qiyməti 45,2 faiz, makaronun qiyməti 47,3 faiz, spagettinin qiyməti isə 44,6 faiz yüksəlib. “Herkules” yulaf yarması 48,6 faiz bahalaşdığı halda, uşaq qidalarının qiymətində 39,3 faiz artım qeydə alınıb.

Ekspertlər qeyd edirlər ki, ən böyük bahalaşmanın gündəlik istehlak səbətində xüsusi paya malik olan çörək və şirniyyat məhsullarında müşahidə olunması əhalinin aylıq xərclərinə birbaşa təsir göstərir.

MONETAR.AZ