Bitcoin ABŞ–Çin sammiti fonunda 81 min dollar səviyyəsində qalır

Bitcoin ABŞ–Çin sammiti fonunda 81 min dollar

Kriptovalyuta bazarı çərşənbə gününə ehtiyatlı bir stabilliklə başlayıb. Dünyanın ən böyük rəqəmsal aktivi olan Bitcoin, investorların diqqətini ABŞ və Çin arasında keçirilən yüksək səviyyəli sammitə yönəltməsi fonunda 81 min dollar səviyyəsində qərarlaşıb. Bazar iştirakçıları iki supergüc arasındakı danışıqlardan gələcək mesajları və bu mesajların qlobal ticarət nizamına təsirini anlamağa çalışdıqları üçün kəskin hərəkətlərdən qaçırlar. Bakı vaxtı ilə saat 10:18-də 81 096,3 dollar ətrafında sabitləşən Bitcoin, həm geosiyasi gərginliklərin, həm də makroiqtisadi göstəricilərin təzyiqi altında "tarazlıq nöqtəsi" axtarır.

Bitcoin-in son günlərdəki trayektoriyası heç də hamar olmayıb. ABŞ-da aprel ayı üzrə istehlak qiymətləri indeksinin (CPI) proqnozları üstələməsi inflyasiya qorxularını yenidən tetikləyərək qiyməti 80 416,9 dollara qədər çəkmişdi. Lakin kripto-bazarının bu enişdə uzun müddət qalmasına Donald Trampın bəyanatları mane olub. ABŞ Prezidentinin Çinə gözlənilən səfəri ilə bağlı verdiyi pozitiv açıqlamalar, ticarət müharibələrinin yumşala biləcəyi ümidini yaradaraq investorlara riskli aktivlərə qayıtmaq üçün stimul verib. Bu "diplomatik dopinq" sayəsində Bitcoin itkilərini bərpa edərək yenidən 81 min dollarlıq psixoloji səddin üzərinə çıxıb.

Bazarda hökm sürən nisbi sakitliyin arxasında ciddi risk faktorları gizlənir. İran ətrafında davam edən hərbi-siyasi böhran və Hörmüz boğazındakı gərginlik enerji daşıyıcılarının qiymətini artırmaqla yanaşı, investorları daha mühafizəkar aktivlərə yönəldir. Eyni zamanda, Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələri ilə bağlı atacağı növbəti addımların hələ də tam aydın olmaması rəqəmsal qızıl üçün əlavə maneə yaradır. Hazırda Bitcoin bazarı "fırtınadan əvvəlki səssizlik" mərhələsini xatırladır; ABŞ–Çin sammitindən çıxacaq hər hansı bir konkret razılaşma və ya əksinə, kəskin bəyanat qiymətləri növbəti rekordlara və ya ciddi korreksiyaya apara bilər.

MONETAR.AZ