Asiya bu neft üçün barelə görə 20 dollar artıq ödəməyə hazırdır

Asiya bu neft üçün barelə görə 20 dollar artıq

Bəzi Asiya neft emalı zavodları Birləşmiş Ərəb Əmirliklərinin Upper Zakum markalı xam nefti üçün rəsmi qiymətlərdən əlavə hər barelə 20 dollar mükafat təklif edir. Bu barədə Bloomberg məlumat yayıb.

Emalçılar İranda müharibənin yaratdığı logistika pozuntuları səbəbindən orta sıxlıqlı, yüksək kükürdlü neft növlərini təcili şəkildə axtarırlar.

Adətən Əbu-Dabi Milli Neft Şirkətinin uzunmüddətli müştəriləri xammalı rəsmi satış qiymətləri (OSP) ilə, əlavə ödənişsiz alırdılar. Lakin Yaxın Şərqdəki böhran səbəbindən alıcılar indi əlavə ödəniş etməyə məcburdur.

Upper Zakum markası Asiya üçün texnoloji baxımdan vacibdir, çünki dizel və aviasiya yanacağı istehsalında yüksək çıxış verir. Adətən bu neft Fars Körfəzi daxilində daşınırdı.

Hazırda isə alıcılar yalnız Fucayrah anbarlarında saxlanılan həcmlərə çıxış əldə edə bilirlər. Bu ehtiyatlar müharibədən əvvəl yığılmışdı və Hörmüzün blokadasından kənarda yerləşir.

Bloomberg-in məlumatına görə, aprel ayında Upper Zakum neftinin qiyməti 69,45 dollar olduğu halda, mayda 110,75 dollara yüksəlib. Buna baxmayaraq, Asiya alıcıları may partiyalarını əlavə olaraq ən azı 5 dollar mükafatla almağa hazırdır.

Bir çox Asiya neft emalı zavodları məhz bu tip xammala uyğunlaşdırıldığı üçün istehsalı dayandırmamaq məqsədilə daha yüksək qiymət ödəməyə məcburdur. Hazırda bu partiyalar Fujairah sahillərində “gəmidən gəmiyə” üsulu ilə yenidən satılır.

Əbu-Dabi Milli Neft Şirkəti yalnız əsas məhsulu olan Murban neftinin ixracını sabit saxlaya bilir. Bu xammal Fucayraha təhlükəsiz quru boru kəməri ilə daşınır.

Digər neft növlərinin dəniz yolu ilə tədarükü isə hələ də bloklanıb. Çünki onların yükləmə terminalları Fars Körfəzi daxilində yerləşir və ixrac üçün Hörmüz boğazından keçid tələb olunur.

MONETAR.AZ